Jurnalistlər və gənclər ön cəbhədə
19 iyun 2013 18:51 (UTC +04:00)

Jurnalistlər və gənclər ön cəbhədə

Silahlı Qüvvələr Günü ərəfəsində əsgərlərlə görüş keçirilib

 

Silahlı Qüvvələri Ehtiyatda olan Zabitlər Konfederasiyası və “Silahlı Qüvvələrə İctimai Nəzarət” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qusardakı N saylı hərbi hissəyə səfər təşkil olunub.

Lent.az-ın verdiyi məlumata görə, bir qrup hərbçinin və QHT nümayəndəsinin iştirak etdiyi səfərin təşkil olunmasında məqsəd 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə əsgər və zabit heyətini təbrik etmək, eyni zamanda hərbi hissədə yaradılan şəraitlə tanış olmaqdır.

Səfər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən “Hərbi xidmətdə olan gənc əsgərlərin hüquqlarının müdafiəsinə yardım və onlar arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində təşkil olunub. Konfederasiyanın sədri Dadaş Rzayev deyib ki, ordu quruculuğu istiqamətində görülən işlərlə yanaşı, gənclərimizdə vətənpərvərlik hisslərinin aşılanması da mühüm amildir. Onun sözlərinə görə,  Azərbaycan əsgərinin, gəncinin mətinliyi, qorxmazlığı, hərbi bilikləri ilə fərqlənməsi vacibdir. O, əsgər-zabit münasibətlərinin vacibliyinə də toxunub: “Bu gün Azərbaycanda peşəkar, savadlı hərbçilər kifayət qədərdir.  Zabit olmaq şərəfli və çətin yoldur. Zabit hər bir işi ilə əsgərə nümunə olmalıdır - əsgərə atəş açmağı, Nizamnaməyə riayət etməyi, formaya, böyüyə, mülki insanlara, əsgərə hörmətlə yanaşmağı əməldə göstərməlidir. Əgər zabit bunları edirsə, əsgər mütləq ondan nümunə götürəcək”.

“Silahlı Qüvvələrə İctimai Nəzarət” İctimai Birliyinin sədri Emin Həsənli isə bildirib ki, Azərbaycan dövlətinin apardığı məqsədyönlü və uğurlu siyasət nəticəsində ölkəmizin büdcəsi, xüsusilə də hərbi büdcə sürətlə artıb: “Bu, Ordumuzun hərbi qüdrətinin göstəricisidir. Artıq bütün dünya başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan hərbçisinin gücündən asılıdır. Biz torpaqlarımızı hansı yolla olursa-olsun, geri qaytarmaq iqtidarındayıq. Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, biz ordumuzun güclənməsini istəyirik”.

Sonra hərbi hissə ilə tanış olan qonaqlar əsgər yataqxanasında və yeməkxanasında olub, əsgərlərlə birgə nahar ediblər. Görüş zamanı kəşfiyyat bölüyünün əsgərləri hərbi idman bacarıqlarını nümayiş etdiriblər. Qonaqların fəxri fərmanla mükafatlandırıldığı görüş musiqi proqramı ilə davam edib.

İyunun 18-də isə Ağdam rayonundakı N saylı hərbi hissəyə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və “Silahlı Qüvvələrə İctimai Nəzarət” İctimai Birliyinin birgə təşkilatçılığı ilə səfər təşkil olunub. Səfərdə bir qrup kütləvi informasiya vasitəsi və gənclər təşkilatları  nümayəndələri, idmançılar iştirak edib, Müdafiə Nazirliyinin hissələrindən birində hərbi qulluqçuların xidmət şəraiti ilə tanış olublar. Sonra qonaqlar hərbi forma geyinərək Azərbaycan Ordusunun düşmənlə üzbəüz yerləşən mövqelərinə baş çəkiblər. Əsgərlərlə söhbət edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qarşıdan gələn bayram münasibətilə əsgər və zabit heyətini təbrik edib. Daha sonra xidmətdə fərqlənən əsgərlər Bakı şəhər İdman və Gənclər Baş İdarəsinin Fəxri fərmanları ilə təltif edilib, əsgərlərə hədiyyələr təqdim olunub.

Emin Həsənli isə vətənin müdafiəçisi olmağın ən şərəfli peşə olduğunu vurğulayıb: “Bu gün Azərbaycan Ordusunda xidmət edən hər gənc bir ailənin deyil, bütün Azərbaycanın övladı, vətənin qürurudur. Mübariz İbrahimovu, Fərid Əhmədovu, Ramil Səfərovu yetişdirən Azərbaycan Ordusuna mənfi çalarlarla baxmaq, ona böhtan atmaq vətənpərvərlik deyil. Mətbuat nümayəndələrinin cəbhə bölgəsinə, hərbi hissələrə səfərlərinin təşkil olunması vacib məsələdir. Biz də təşkilat olaraq bu istiqamətdə işlər görürük. Jurnalistlərin orduya kənardan deyil, hərbi hissələrdə olub, müşahidələr apararaq qiymət verməsi hədəflərimizdən biridir. Biz buna qismən də olsa nail olmuşuq”.

Emin Həsənli qeyd edib ki, Silahlı Qüvvələrdə hüquq pozuntusu əvvəlki illərlə müqayisədə azaldılıb və əsgərlərin hüquqlarının müdafiəsi istiqamətində də xeyli işlər görülüb. Sonra səfər iştirakçıları Silahlı Qüvvələrin yaranmasının 95-ci ildönümü və şəxsi heyətin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında fəal iştirakına görə Fəxri Fərmanla təltif olunublar. Görüş hərbçilər üçün təşkil olunmuş konsert proqramı ilə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682
avatar

Oxşar yazılar