İctimai Televiziyanın rəhbərliyindəki bir neçə şəxsin işdən ayrılması ilə bağlı KİV-də məlumat yayılıb.
Lent.az məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr və monitorinq departamentinin rəhbəri Tahir Məmmədovla əlaqə saxlayıb.
Tahir Məmmədov bildirib ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini Çingiz Aslanov və İnformasiya departamentinin direktoru İlham Sərxanlının işdən azad olunmaları barədə məlumat doğru deyil: “Onlar işdən azad edilməyiblər, hazırda fəaliyyətlərini davam etdirirlər”.
Qeyd edək ki, aprelin 23-də Cəmil Quliyev İctimai Televiziya və Radio Yayımları Şirkətinə yeni baş direktor seçilib. Dünən mətbuatda Çingiz Aslanov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun radio üzrə müavini Elman Qədirov , İctimai Televiziya və Radio Yayımları Şirkətinin Koordinasiya və Proqram Direktorluğunun direktoru Rafiq Nəbiyev, İlham Sərxanlının və dünən İTV-nin kadrlar və xüsusi işlər şöbəsinin müdiri İlham Hüseynovun işdən azad edilməsi barədə məlumat yayılıb.