İTV-də işdən azad olunanlar Lent.az-a danışdılar
03 dekabr 2013 13:46 (UTC +04:00)

İTV-də işdən azad olunanlar Lent.az-a danışdılar

“Bizim iş prinsipimiz onların iş prinsipinə uyğun gəlmirdi”

 

Xəbər verildiyi kimi, İctimai Televiziya və Radio Yayımları Şirkətində bir çox əməkdaşı vəzifələrindən azad olunublar. Lent.az-ın məlumatına görə,  İTV-nin sədr müavini Çingiz Aslanov, televiziyanın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Tahir Məmmədov, ictimaiyyətlə əlaqələr departamentinin direktor müavini Pərvanə Süleymanova, həmçinin bu ilin sentyabrına kimi İTV-nin informasiya departamentinin direktoru olmuş və daha sonra vəzifəsi aşağı salınaraq şərhçi kimi fəaliyyət göstərən İlham Sərxanlı işdən azad çıxarılıblar. İşdən çıxarılanlar arasında “Carçı-film” Yaradıcılıq Birliyində direktor müavini kimi çalışan Qərənfil Xəlilova da var.

 

İşdən azad  edilən F. İsmayılov Lent.az-a açıqlamasında bunu təbii qarşıladığını bildirib: “İnsan işə təyin olunar da, işdən azad olunar da. Burada heç bir motiv axtarmağa ehtiyac yoxdur. Əmək müqaviləsi bitdiyi üçün biz TV-dən uzaqlaşdırıldıq”. Sabiq direktor bir qədər dincəldikdən sonra yenidən işləmək fikrində olduğunu bildirib: “Mənim üç diplomum var. Bakı Dövlət Universitetində, İctimai-Siyasi Universitetdə dərs demişəm. Yanvar ayından yenidən işləmək niyyətindəyəm ”.

 

İTV-də “Carçı-film” Yaradıcılıq Birliyinin əvvəl direktoru, sonra isə direktor müavini işləyən Qərənfil Xəlilova işdən uzaqlaşdırılmasına əmək müqaviləsinin bitməsinin səbəb olduğunu bildirib: “Rəhbərliklə görüşdüm. Bir-birimizə xoş sözlər deyib ayrıldıq. Onların da (İTV-nin rəhbərliyi nəzərdə tutulur) öz prinsipləri var. Televiziyada “Haqqım var kiöyünüm” proqramı var idi. Müəllifi olduğu həmin proqram görkəmli şəxsiyyətlərə həsr olunmuşdu. İstəyirəm ki, yeni ildə “Haqqım var kiöyünüm” adlı kitab çap etdirəm”. Q. Xəlilova hələlik heç bir iş təklifi almadığını da bildirib.

 

“Bizimlə imzalanan əmək müqaviləsinin müddəti dünən bitdi. Bildirdilər ki, bir qrup əməkdaşla müqavilə imzalanmayacaq”. Bunu Lent.az-a açıqlamasında televiziyanın ictimaiyyətlə əlaqələr departamentinin sabiq rəhbəri T. Məmmədov bildirib. Onun dediyinə görə, yenidən əmək müqaviləsinin imzalanmaması üçün heç bir rəsmi əsas gətirilməyib: “Ümumi fikir belə oldu ki, bizim iş prinsipimiz onların iş prinsipinə uyğun gəlmir”.

T. Məmmədov hələlik heç bir iş təklifini almadığını da qeyd etdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2332

Oxşar yazılar