İŞİD gələn tərəf
29 iyun 2014 17:29 (UTC +04:00)

İŞİD gələn tərəf

Hər hansı bir xalqın ruhunu öyrənmək və onunla necə davranmağı bilmək istəyirsənsə, onun folklor nümunəsi olan milli rəqsinə, xüsusən də qadın rəqsinə diqqət kəsil.

Hər hansı bir xalqın beynini görmək və onunla necə münasibət qurmağı bilmək istəyirsənsə, onun balacadan böyüyə qədər bütün nümayəndələrinin bildiyi ən qədim nağılını incələ.

Bu metodu hər hansı bir xalqın özünü öyrənməsi üçün də münasib və əvəzsiz hesab edirəm.

Eləcə də özünü öyrənib, öz ətrafı ilə davranışını tənzimləyə bilməsi üçün.

 

***

 

Bizim balacadan-böyüyə tanıdığımız bir nağıl var: Cırtdanın nağılı.

Və bizim balacadan-böyüyə tanıdığımız bir qəhrəmanımız var: Cırtdan.

Bu, həmin qəhrəmandır ki, yol yoldaşlarından daha balacadır və hamıya qoşulub, meşədən evə odun gətirməyə getdiyi zaman nənəsi onun boxçasına yağlı kökələr bişirib qoymuşdu.

Bu həmin Cırtdandır ki, özündən başqa heç bir yoldaşının yola hazırlıqlı çıxmadığını görüb, əlindəki yağlı kökələr hesabına öz odun şələsini də özündən böyük yol yoldaşlarına yığdırıb bağlatdırmışdı, hələ geriyə qayıdışda özünü də, şələsini də yoldaşlarına yük etməyi bacarmışdı.

Yəni, iqtisadi durumu yağlı kökəli olduğuna görə,Cırtdan öz komfortunu da, evlərinə lazım olan odunu da əldə etmişdi, üstəgəl, yol yoldaşlarını da yedirtmişdi.

Və bu həmin Cırtdandır ki, meşədə azıb qaranlığa düşəndən sonra haçandan haçana iki yol ayrıçına gəlib çatmış yol yoldaşları nəfəslərini dərib məhz ondan soruşmuşdular: “ İndi hansı tərəfə gedək? İt hürən tərəfə, yoxsa işıq gələn tərəfə?”

Yol yoldaşlarının yaşca və boyca böyük olmasına baxmayın, kökəni kim verirsə, yolayrıcılarında qərarı da ona məsul edirlər. Zira, qərar verməyi ta əvvəldən bacarsaydılar, özləri də hərəyə bir kökə deyə, evdən yola çıxardılar. Cırtdanı özləriyə yükləyib, əvəzində strateji mühüm qərarı da Cırtdana yükləmişdilər onlar.

Və Cırtdan yoldaşlarının belində ləngər vuran şələlərin üzərindən yarıyuxulu halıyla dillənmişdi: “İt hürən tərəf nə deməkdir? Əlbəttə ki işıq gələn tərəfə gedək!”

Belə də etmişdilər.

İşıq gələn tərəfdə isə adamyeyən bir Div yaşayırmış, işq da onun malikanəsindən gəlirmiş.

Sonrasını hamımız bilirik.

Div hamını yedirdir, içirdir, əziz qonaqları kimi yer salıb yatırdır, gecə isə iki dəqiqədən bir gəlib qapını döyür:”Kim yatmış, kim oyaq?”.

Divin məqsədi aydındır – hamını yemək.

Amma bircə balaca Cırtdan belə oyaqdırsa, Div məqsədinə çata bilməzmiş, odur ki, əl-ayağa düşüb, Cırtdanın bütün istəklərini həyata keçirməyə çalışır, onunda mütləq yatmasını gözləyir.

Suala diqqət: “Cırtdanın nənəsi ona nə bişirib yedirdirdi, Cırtdan da yeyib yatırdı, hə?”

Bu sual birbaşa milli kökə, mənəvi rişəyə işarədir, südlə gəlib, sümüklə çıxa bilən mayanın, nüvənin nə olmasını ayıdnlaşdırmaq, bilmək, məhz o nüvəni bilib yatırtmaq üçün cəhdlərdir...

Və Cırtdan hər dəfə bir kaprizini deyir, Div də hər dəfə o kaprizi yerinə yetirir.

Ta ki, Cırtdan ona “nənəm mənə xəlbirlə çaydan su gətirərdi, içərdim, yatardım” deyənə qədər.

Div o boyda nəhəngliyinə baxmayaraq, bunu da etməyə qalxır, çünki Cırtdan nə olursa olsun, yuxuya getməlidir...

Elə başı xəlbirlə su daşımağa qarışdığı zamanda da Cırtdan bütün yol yoldaşlarını oyadır, ayıldır, Divin mahiyyətindən, məqsədindən agah edir, qaçırdır oradan.

Hamını çayın digər tərəfində görən Div soruşur: “Çayı necə keçdiniz?”

“Çox rahat, dəyirman daşını boynumuza saldıq, keçdik” deyir Cırtdan.

Və Div dəyirman daşını öz boynuna salıb, suya girir...

 

***

 

Azərbaycan hürufiliyində Div cəhalət simvoludur, bilirik.

Nağıllarımızda qızlarımızı saçından asıb quyularda asılı halında yaşamağa məcbur edən, igidlərimizin qanına susayan, almamızı – elmimizi hər fürsətdə talayan...

Bu dəqiqə Divin malik olduğu tərəfdən işıq gəlir.

İŞİD gələn tərəf deyək.

Bizim medianın ən idbar və ən dəhşətli siması – bu “Div işığı”nı dəfələrlə dəfə işıqlandırmaq, yayımlamaq, reklam etmək, insanlarda xof və beyin qarışıqlığı yaratmaq yarışında üzə çıxıb, deyə bilərik.

İŞİD deyə iri hərflərlə yazıb-yayımlayıb özünü tanıtmaq istəyən bir qurumu tanıtmaq medianın missiyası olmuş sanki.

Artıq ölkədə və dünyada balacadan-böyüyə hər kəsin həmin təşkilatı tanıması təmin olunub və bu təminatda ən böyük rolu KİV öz öhdəsinə götürüb.

İŞİD-siz bir gün yoxdur artıq nə dövrü mətbuatda, nə sosial şəbəkələrdə.

O, göründükcə, biz də ona doğru addımlamış oluruq axı, onu tanımış və seçmiş oluruq axı, anlamırıqmı bunu?

Əhalidə - şiə qövmünə aid olanlar arasında vahimə və sünnilərdən çəkinmə, sünni qövmünə aid olanlar arasında şiələrdən intuitiv qorunma kimi hissləri yaratmaq medianın boyunamı biçildi?

Boyuna qamış ölçülsə, bundan yaxşı olardı!

 

***

 

“Cırtdan” elə-belə nağıl deyil, kodlu-informativ mesajdır, genefond yaddaşıdır.

Sadəcə hər zaman yol yoldaşlarımız üçün yağlı kökəmiz olmalıdır.

O yağlı kökələr nənəmiz yoğuran və bişirən olmalıdır – kökü, mayası qədimliyimizlə yoğrulan.

Sadəcə yağlı kökə verdiyimiz hər kəsi bizim üçün də işləməyə və şələmizi daşımağa vadar etməyi bacarmalıyıq.

Və sadəcə oyaq qalmalıyıq.

Nə olursa olsun, yatmaq olmaz!

Div yalnız və yalnız yuxuda olanları yeyə bilir çünki.

Eşidirsiz, o yenə də qapını döyür və soruşur: “Kim yatmış, kim oyaq?”...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2468

Oxşar yazılar