İşsiz və işaxtaran vətəndaşların müstəqil olaraq boş iş yerləri haqqında daha geniş məlumat ala bilmələri üçün yeni texnologiyaların tətbiqinə başlanıb. Lent.az-ın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə istinadən verdiyi xəbərə görə, bu məqsədlə əhalinin sıx toplaşdığı yerlərdə mövcud vakansiyalar barədə məlumatları özündə əks etdirən elektron məlumat köşklərinin quraşdırılması işləri davam etdirilir.
Burada əsas məqsəd işaxtaran vətəndaşın məşğulluq xidməti orqanlarına getmədən elektron məlumat köşklərindən istifadə etməklə ayrı-ayrı müəssisələrdə mövcud olan boş iş yerləri barədə operativ məlumat əldə etmək imkanına malik olmasını təmin etməkdir.
Qeyd edək ki, artıq belə köşklər rayon (şəhər) Məşğulluq Mərkəzlərinin inzibati binalarında, Bakı və Göyçay Regional Peşə Tədrisi Mərkəzlərində, həmçinin respublikanın bir sıra ali təhsil müəssisələrində (Qafqaz Universiteti, Turizm İnstitutu, Bakı Dövlət Universiteti, “Odlar Yurdu” Universiteti, “Təffəkür” Universiteti, “Bakı Biznes” Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və s.) quraşdırılmışdır. Həmin köşklərdə vakansiyalar barədə məlumatlar müntəzəm olaraq yenilənir.