UNEC ilə Moskva Dövlət Humanitar İqtisad Universiteti (MDHİU) arasında inklüziv ali təhsildə bakalavr pilləsi üzrə ikili diplom razılaşması imzalanıb. Lent.az-ın məlumatına görə, Azərbaycanda ilk dəfə olaraq UNEC-də həyata keçirilən razılaşmaya əsasən, hər iki universitetin tələbələri UNEC və MDHİU-nun diplomunu əldə etmək imkanı qazanacaqlar. Müqavilənin əsas üstünlüyü UNEC-də təhsil alan fiziki məhdudiyyətli tələbələrin bu proqramda iştirak edə bilməsidir. Onlar təhsillərini MDHİU-da davam etdirərək 4 il ərzində hər iki universitetin diplomunu qazana biləcəklər.
UNEC-də təşkil olunan imzalanma mərasimində Rusiya Dövlət Dumasının deputatı, Dövlət Dumasının Təhsil və Elm Komitəsi sədrinin birinci müavini, Rusiya Təhsil Akademiyasının həqiqi üzvü Oleq Smolin və MDHİU rektoru, professor Vaqif Bayramov iştirak edib.
İnklüziv təhsilin Azərbaycan təhsilinin prioritet məsələlərindən olduğunu və fiziki məhdudiyyətli insanların daima dövlətin qayğı və diqqəti ilə əhatə olunduğunu bildirən rektor, professor Ədalət Muradov UNEC-də də bu istiqamətdə zəruri tədbirlərin həyata keçirildiyi diqqətə çatdırıb. O, fiziki məhdudiyyətli gənclərin ali təhsilə inteqrasiyası üçün UNEC-də inklüziv təhsil mühitinin yaradıldığını vurğulayıb. Bildirib ki, bu mühit təhsilin hamı üçün əlçatan olmasını təmin etməklə yanaşı, sosial bərabərliyin qorunmasına, fiziki məhdudiyyətli gənclərin öz potensiallarını nümayiş etdirə bilməsi və təhsil ehtiyaclarının ödənilməsinə şərait yaradır.
MDHİU-nun rektoru, professor Vaqif Bayramov rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, bu ali təhsil müəssisəsi MDB məkanında fiziki imkanları məhdud olan insanların təhsil aldıqları yeganə universitetdir. Burada onların rahat hərəkət etmələri və təhsil almaları üçün inklüziv mühit yaradılıb və bu, universitetin əsas vəzifələrindəndir. V. Bayramov UNEC-lə bu istiqamətdə əməkdaşlıqdan məmnunluğunu ifadə edib: “Böyük məmnuniyyətlə UNEC-dəki həmkarlarım, eyni zamanda həmvətənlərimlə öz təcrübəmizi bölüşməyə və onlara bu sahədə dəstək olmağa hazırıq. Əminəm ki, əməkdaşlığımız hər iki universitetə öz töhfələrini verəcək”.
Burada olmaqdan məmnunluğunu bildirən Rusiya Dövlət Dumasının Təhsil və Elm Komitəsi sədrinin birinci müavini Oleq Smolin UNEC-in beynəlxalq reytinqlərdə yer almasını yüksək qiymətləndirib. Təhsil sahəsində aparılan əməkdaşlıqları müsbət qiymətləndirən deputat təcrübə və fikir mübadilələrinin yeni ideyaların yaranmasına təkan verdiyini deyib. Bu baxımdan UNEC-lə əməkdaşlığın hər iki ölkə üçün faydalı olacağını qeyd edib. Ali təhsilin əhəmiyyətindən danışan O.Smolin bunun fiziki imkanları məhdud olan insanlar üçün daha önəmli olduğunu xüsusi vurğulayıb. Fiziki məhdudiyyətli insanlar arasında dünyanın tanınmış yazıçı, bəstəkar və siyasətçiləri olduğunu bildirib.
Görüşdə “Hamımız bərabərik” şüarı altında sosial tədbirlərin keçirilməsi təklif olunub. Əməkdaşlıq çərçivəsində müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi və UNEC-in rus dilində ən müasir dərsliklərlə təmin olunmasının əhəmiyyəti vurğulanıb. Tərəflər UNEC-in Rus İqtisad Məktəbi məzunlarının dövlət sifarişi əsasında Rusiyanın aparıcı universitetlərində magistratura təhsili ala bilməsini müzakirə ediblər. Qonaqlar Rus İqtisad Məktəbinin ən yüksək nəticə göstərən tələbələri üçün Rusiya Federasiyasının adlı təqaüdlərinin təsis olunması barədə fikir mübadiləsi aparıblar.