Prezident İlham Əliyev Abşeron Olimpiya İdman Kompleksinin açılışında iştirak edib və kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat verib.
Abşeron Olimpiya İdman Kompleksi Prezident İlham Əliyevin “Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 27 may tarixli Sərəncamı əsasında inşa edilib. Bu, ölkəmizdə sayca 42-ci Olimpiya İdman Kompleksidir. Tikinti işləri ən yüksək səviyyədə aparılıb.
Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev Abşeron rayon ictimaiyyətinin nümayəndələri və idmançılar ilə görüşüb.
Prezident daha sonra “Zəhmət-Ruzi” MMC-nin fəaliyyəti ilə tanış olub.
***
10:21
Prezident İlham Əliyev bu gün Abşeron rayonuna gedib. Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısı əvvəlcə Xırdalan şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Prezident İlham Əliyevə Heydər Əliyev parkında aparılan yenidənqurma tədbirləri, rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.