Ramana Gənc Əlillərin Əmək və İstirahət Evinin sakini, ikinci qrup əlil Fazil İsmayılov Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova məktub yazaraq köməklik göstərməsini xahiş edir. Lent.az-ın məlumatına görə, o, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan uşaqlar üçün tikiləcək yaşayış binasından 1 otaqlı ev istəyir.
F. İsmayılov bildirir ki, o, 1983-cü il martın 30-da anadan olub. 1984-cü ildən 2002-ci ilə qədər Saray qəsəbəsində yerləşən 7 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün internat evində yaşayıb. Onu 2002-ci il avqustun 15-də Şamaxı şəhərində yerləşən 1 saylı İxtisaslaşdırılmış ruhi-əsəb əlilləri üçün internat evinə köçürüblər.
Fazil məktubda evlənmək istədiyini də bildirir: “Hamı kimi rahat yaşamaq və ailə qurmaq istəyirəm. Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub ki, Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan, uşaq evləri və internat tipli təlim-tərbiyə müəssisələrindən olan məzunlar üçün 1 otaqlı 120 mənzillik binanın tikilməsi üçün zəruri tədbirlər görülüb. Xahiş edirəm, mənə kömək edin”.