Sentyabrın 26-da Dünya Turizm Gününə həsr olunmuş konfrans keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, konfransda aidiyyəti dövlət qurumlarının, turizm sənayesində fəaliyyət göstərən özəl sektorun nümayəndələri, ölkədə akkreditə olunmuş diplomatlar iştirak edəcək.
Ümumdünya Turizm Təşkilatının Baş katibinin rəsmi video mesajından və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin açılış nitqindən sonra Azərbaycanda turizmin inkişafına dair video çarx nümayiş olunacaq.
Həmçinin, "Ümumdünya turizm günü"-nün qeyd olunması münasibəti ilə sentyabrın 27-də saat 10:00-dan Mədəniyyət və Turizm Nazirliyinin və "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu idarəsinin tabeçiliyində olan turizm nümayişi obyektlərinə (muzeylərə, qoruqlara, komplekslərə və abidələrə) bir günlük pulsuz giriş (açıq qapı) elan olunacaq.
Sentyabrın 27-də axşam saatlarında isə İçərişəhərdə (Qız Qalası yaxınlığında) saat 17:00-dan, Qubernator bağında saat 19:00-dan və Fəvvarələr meydanı ərazisində saat 20:00-dan paytaxt sakinləri və şəhərimizin qonaqları üçün iki saatlıq proqramla canlı caz musiqisi ifa ediləcək.