İki mərtəbəli yataq, bir divan, bir masa, bir Qarabağ əlili
30 aprel 2013 11:42 (UTC +04:00)

İki mərtəbəli yataq, bir divan, bir masa, bir Qarabağ əlili

Onun ayağa durması üçün 28 min manat lazımdır

 

Qarabağ veteranı Rüxsarə Cumayeva  Lent.az-a müraciət edib.  Bu əlil, veteran xanım məişət problemləri içində olduğunu deyir.

 

R.Cumayevanın vəziyyəti ilə yaxından tanış olmaq üçün onun evində olduq. Məlum oldu ki, veteran xanımın ciddi problemləri var. Rüxsarə xanım deyir ki, hazırda yaşadığı evi anası 1989-cu ildə bir rus ailəsindən alıb:

“Sonra vəziyyət elə gətirdi ki, mən müharibəyə getdim, daha üstünə düşmədim deyə evi öz adıma özəlləşdirmədik.  Müharibədən gələndən sonra evi öz adıma özəlləşdirmək istədim. Lakin pulu verdiyimiz həmin  rus ölkədən getdiyindən özəlləşdirmə üçün məhkəməyə müraciət etməli oldum. 1995-1997-ci illər olardı. Nəsimi rayon məhkəməsi Qarabağ veteranı olmağıma baxmayaraq məni bu əlil vəziyyətimdə dəfələrlə evdən çıxardıb başqasına satmaq istəyirdi.  Sonralar öyrəndim ki, bu evi öz qapı bir qonşum almaq istəyirmiş. Axırda Apelyasiya məhkəməsi evi mənə qaytardı, amma hələ də özəlləşdirə bilməmişəm. Bu evi özəlləşdirməkdə mənə kömək edin. Mənim pulum yoxdu, dövlətdən cəmi 40 manat pul alıram. 1989-cu ildə bəri bu evdə yaşayıram,  qızım da, mən də burda qeydiyyatdayıq.  Amma pulum olmadığından özəlləşdirə bilmirəm. Prezident də fərman verib ki, özəlləşməyən bütün evlər özəlləşdirilsin. Bu fərmandan sonra bir-iki dəfə getdim gəldim, amma özəlləşdirə bilmədim ”.

 

R.Cumayevanın evi Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov bina 170, mənzil 7 ünvanında yerləşir. Ev bir otaq,  kiçik mətbəx və bir nəfərin güclə sığdığı balaca sanitar qovşaqdan ibarətdir. Sahəsi 10 kvadrat metr belə olmayan kiçik otaqda bir yataq güclə sığdığından iki mərtəbəli yataq, bir divan, yığcam masa və şkaf var. İki nəfərin yanaşı hərəkət etməsi mümkün olmayan bu otaqda Rüxsarə xanım qızı Rəqsanə ilə birgə yaşayır.

 

Rüxsarə xanım yeriyə bilmir:

 

 “Ayağım əməliyyat olunmalıdı. Artıq yeriyə bilmirəm. Sürünə-sürünə gəzirəm. Əgər əməliyyat olunmasam ömrüm boyu şikəst qalacam. Hiss edirəm ki, keçən ildən bu yana ağrılarım artıb. Omba sümüyüm o qədər yeyilib ki,  sümük böyrəklərimi əzir. Əlimdə sənədlərim var, əməliyyat olunmalıyam. Müharibə Qadın Veteranlara  Sosial Yardım İctimai Birliyinin üzvüyəm. Oranın müdiri İradə xanım dönə-dönə mənə görə müraciətlər edib. Onun kitabını açıb baxan olmayıb  ki, bu əlilə, bu imkansıza, bu müharibə veteranına heç olmazsa dəstək olaq. Kömək qalsın bir yana, dəstək olsunlar. Bankda hesab nömrəm var. Bir il ərzində 6 min manat pul yığılıb.  Amma çox azdı. Əməliyyatım üçün 28 min manat pul lazımdı, Türkiyənin Adana şəhərində olunmalıdı. Adanada Engin doktorla özüm zəng edib danışmışam. Onlar məni bir ay ərzində ayağa qaldırmağı tam boyunlarına götürüblər. Hətta Türk Hava Yolları mənim və mənimlə gedəcək insanın gediş-dönüş biletlərini öhdəsinə götürüb. Biz bir millət iki dövlət ola bilərik. Lakin mən vətənim üçün canımı qoymuşdum, Türkiyə üçün yox. Mən istəyirəm vətənimdən olan insanlar mənə dəstək olsun. Amma mən bu gün Türkiyə dövlətinə müraciət etsəm, inanın ki, onlar məni əməliyyat etməyə hazırdırlar”.

 

Qarabağ müharibəsində onlarla gəncin həyatını xilas edən, yüzlərlə əsgərin yarasını sarıyan tibb bacısı bu gün 12 yaşlı qızının dalınca məktəbə belə gedə bilmir. Çünki yeriyə bilmir...

 

O, bir daha normal həyata qayıtmaq üçün bir vaxtlar uğrunda döyüşdüyü vətəninin övladlarından kömək istəyir: “Sağalmağı ona görə istəyirəm ki, heç olmasa o bir balamı  üstündə bir kölgə kimi qalam. Bir il mən yataqda olanda o uşaq mənə baxıb. Onun məndən başqa kimsəsi yoxdu. Mənim üçün 28 min manat nə  böyük puldu ki?”

 

Qeyd edək ki, R.Cumayeva 22 yaşındaykən Məhəmməd Əsədovun yaratdığı könüllülərdən ibarət batalyona qoşulub. Əvvəl arxa cəbhədə, sonra isə ön cəbhədə xidmət edib. Daha sonra isə o, Milli qəhrəman Şirin Mirzəyevin polkuna daxil olub. 4 il müharibədə iştirak edib. Bir balası var. Hazırda yeriyə bilmir, yataq xəstəsidir. Əməliyyatı üçün isə pul lazımdı. R. Cumayevaya kömək etmək istəyənlər aşağıdakı hesab nömrəsinə müraciət edə bilərlər.

 

 

Bank rekvizitləri 
Bank : Kapital Bank, 2 saylı Nəsimi rayon filialı
Ünvan : Bakı şəhəri, Şamil Əzizbəyov 158
Vöen: 9900003611
Telefon : 012 440 - 15- 54
Kod : 200123
Swift bik : AİİBAZ2X
M/Hesab : 0137010001944
S.A.A : Cumayeva Ruxsarə Bayraməli qızı
Hesab № 38010019441203449112

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1565
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar