Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Salyan şəhərində vətəndaşlarla görüşüb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçən görüşdə nazir Salyan, Biləsuvar, Neftçala, Hacıqabul rayonlarında və Şirvan şəhərində yaşayan vətəndaşları qəbul edib. Nazirliyin məsul işçilərinin - idarə və departamentlərin, həmçinin tabeli qurumların rəhbərlərinin iştirak etdiyi qəbulda ETSN-nın fəaliyyəti, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 50-dən çox vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.
Qəbula yazılmış vətəndaşları diqqətlə dinləyən nazir səslənən bütün müraciət, şikayət, xahiş və təkliflərin nəzərdən keçiriləcəyini, narazılığa səbəb olan halların aradan qaldırılacağını, hər bir vətəndaşın müraciətinin obyektiv və ədalətli şəkildə araşdırılaraq onların həlli yönündə zəruri addımların atılacağını bildirib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə bağlı nazirliyin əlaqədar struktur qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.