Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ölkə ərazisində bəzi yerlərdə yağan yağışlar nəticəsində Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 3-23 sm, Lənkəran-Astara bölgəsi çaylarında isə 6-19 sm artım müşahidə olunub.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 90-130, Naxçıvan MR çaylarında isə normanın 10 faizini təşkil edir.
Mayın 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 316 m3/s olmaqla, ongünlük normanın 42 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 440 m3/s və ongünlük normanın 59 faizini təşkil edir. Son 3 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 15 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 179 m3/s olmaqla, ongünlük normanın 88 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 293 m3/s təşkil edib və ongünlük normanın 144 faizinə bərabərdir.
Son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunur. Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 29 sm, Şirvanda 37 sm, Salyanda 12 sm, Bankədə 14 sm, Araz çayının Novruzlu məntəqəsində isə 24 sm artım müşahidə olunub. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 420 sm (2012-ci il mayın 20-də 402 sm), Şirvanda 287 sm (2012-ci il mayın 20-də 278 sm), Salyanda 204 sm (2012-ci il mayın 20-də 228 sm ), Bankədə 231 sm (2012-ci il mayın 20-də 233 sm), Araz çayının Novruzlu məntəqəsində isə 115 sm (2012-ci il mayın 20-də 117 sm) təşkil edir.