Heykəl yıxan Türkiyə
29 mart 2016 16:21 (UTC +04:00)

Heykəl yıxan Türkiyə


(Ölkənin təhlükəsizliyini və müdafiəsini taleyin ümidinə buraxıb, mədəniyyətə savaş açan Ədalət və İnkişaf AKP iqtidarına həsr olunur)

"Takiyüddin Mengüberdi, padşahın müəllimi, tarixçi Sadəddin Əfəndinin köməyi ilə İstanbulda Topxana kürəklərində bir rəsədxana qurdurmuşdu.
Amma yazıqlar olsun ki, Osmanlıda astronomiyanın inkişafına təkan verəcək bu işlər şeyxülislam Kadızadə Əhməd Şəmsəddin Əfəndinin fətvası ilə yarımçıq qaldı. Fətva şeyxülislam və padşahın müəllimi arasında yaşanan bir çəkişmə nəticəsində "rəsədxananın küfr hökmlər çıxarması və göylərin sirrinin həyasızca öyrənməyə cürət edilməsi" iddiası ilə verilmişdi.


Bir vaxt rəsədxananın açılmasına izn verən sultan III Murad şeyxülislamın məlum çağırışından sonra onun sökülməsini əmr etmişdi. Rəsədxana içindəki cihazlarla birlikdə 1580-ci  ildə komandir Dərya Qılınc Əli Paşanın rəhbərlik etdiyi donanmanın top atəşləri ilə yerlə bir edildi. Osmanlıdakı bu ilk elm yuvası dövlət adamlarının bir-birilə çəkişməsinin, dini mühitin və müxtəlif söz-söhbətlərin qurbanı oldu.
1577-ci ildə səmada kometin görünməsi və 1578-ci ildə ölkəni bürüyən vəba epidemiyasının səbəbi rəsədxananın “küfr” fəaliyyəti ilə əsaslandırılmış, hətta Takiyüddin və adamlarının “teleskopla mələklərin baldırlarını müşahidə etdikləri iddia olunmuşdu”.


Tarixdən oxuduğumuz bu hadisə 1570-ci illərdə Osmanlı tarixində təzə-təzə cücərmək istəyən elmin başına açılan yüzlərlə oyundan biridir.


Xatırlama səbəbim isə bugünlərin Türkiyəsinə dair oxuduğum bir xəbər oldu.
Deməli, bir neçə gün əvvəl Türkiyədəki parklardan birindəki balerina heykəlləri bələdiyyə və hökumət tərəfindən “müstehcən (ədəbsiz, tərbiyəsiz) bulunduğu için” götürülüb. Bundan əvvəl isə Kəmər şəhərinin bələdiyyəsi rəqs edən qadın və kişi fiqurunu “erkəkləri təhrik etdiyi üçün” dağıtmışdı.


Bu və buna bənzər olayların artması göstərir ki, Türkiyə orta əsrlərə qayıdır.
Dinin, xurafatın elm üzərində qələbə çaldığı, padşahların ulduz falına baxdırmaqdan ötrü rəsədxana tikdirdiyi, sonra da molla fətvası ilə sökdürdüyü əski çağlara...
 


Bu gün Türkiyə parlamentində millət vəkilləri “qadın təkbaşına küçəyə çıxa bilərmi, bilməzmi” mövzusunda dartışır.
 

Türk insanı internet-forumlarda, tv müzakirələrində təcavüzə uğrayanı günahkar çıxaracaq, ailədaxili zorakılığa loyal yanaşacaq qədər zombiləşdirilib.
Və qabaran ən fəlakətli proseslərdən biri bu ki, Türkiyədə incəsənətə, mədəniyyətə qarşı böyük bir savaş açılıb.
Bir vaxtlar sivilizasiyaların barışıq mərkəzi olan İstanbul artıq sivilizasiyaların məhv olduğu bir xarabalığa çevrilir.
İşıqlı binalar, əlvan geyimlər, musiqili bayramlar getdikcə yoxa çıxır, hər yeri qapqara çadralar, zülmət küçələr, hüznlü məscidlər əvəzləməyə başlayır.
Mən bu fəlakəti bir neçə ildir İstanbula köçən bacımın simasında, davranışlarında bütün dəhşəti və gerçəyi ilə hiss elədim. Xaraktercə şən, açıq, əla yumor hissi olan bacım İstanbula köçdükdən sonra dəyişməyə başlamış, o əfsanəvi şəhərdən “haram, günah,  küfr” anlayışları ilə dolu, bir yığın qaramatla yüklənmiş halda qayıtmışdı.
 

Heykəl dağıtmaq barbarlığına gəlincə, bu olayın özünü mədəni hesab edən bir cəmiyyət üçün böyük bir utanc, üz qarası olduğu qənaətindəyəm.
 

Qadın təsvirlərini “erkəklər təhrik olur” səbəbiylə aradan götürmək, türk erkəyinin alnına  şərəfsizlik, namussuzluq damğası vurmaqdı.
 

“Daş heykəldən ehtiraslanırlar” iftirası, türk kişisinə atılan ən çirkin ləkədir.
 

Türkiyə ictimaiyyəti isə bu təhqirlərə sərt təpki verməyəcəyi təqdirdə,  həmin çirkin qənaəti gerçəkləşdirmiş olacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310
avatar

Murad Köhnəqala

Oxşar yazılar