Xalq artisti Firəngiz Mütəllimova
01 may 2026 20:15 (UTC +04:00)

Xalq artisti Firəngiz Mütəllimova

Firəngiz Mütəllimova kimdir? - Ölümünə imza atan, şantaj edilən Xalq artisti - BİOQRAFİYA

0

Bu gün Xalq artisti Firəngiz Mütəllimovanın doğum günüdür.

Lent.az “Bioqrafiya” rubrikasında sənətkar haqqında məlumat verir.

- Firəngiz Mütəllimova harada və nə zaman anadan olub?

Firəngiz Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonunda anadan olub, lakin əslən Şuşalıdır.

- Ailəsinin Firəngiz Mütəllimovanın sənət seçiminə münasibəti necə olub?

Valideynləri əvvəlcə onun aktrisa olmasını istəməyiblər. Atası Bəhər müəllim qızının məşhurluğundan sonra zarafatla deyirmiş ki, əvvəllər məni "Bəhər müəllim" kimi tanıyırdılar, indi isə "Firəngiz Mütəllimovanın atası" deyə çağırırlar.

- Firəngiz Mütəllimova harada təhsil alıb?

Firəngiz Mütəllimova 1976–1980-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində təhsil alıb.

 - Firəngiz Mütəllimova peşəkar fəaliyyətinə harada başlayıb?

Firəngiz Mütəllimova 1980-ci ildə institutu bitirən kimi Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul edilib və bu günə qədər də fəaliyyətini orada davam etdirir (bir müddətlik fasilə istisna olmaqla).

- Firəngiz Mütəllimovanın teatr repertuarında hansı mühüm rolları var?

Firəngiz Mütəllimova "Qılınc və qələm", "Xurşidbanu Natəvan", "Büllur sarayda", "Qanlı Nigar", "Varlı qadın" və "Almaz" kimi onlarla fərqli janrlı tamaşalarda yadda qalan obrazlar yaradıb.

 - Firəngiz Mütəllimova hansı filmlərlə kino tariximizə düşüb?

Firəngiz Mütəllimova "Bəyin oğurlanması" – Telli, "Qaçaq Nəbi" – Sərvinaz, "Qocalar, qocalar" – Leyli, "İşarəni dənizdən gözləyin" – Sona obrazları ilə film tariximizdə qalıb.

 - Aktrisanın ən böyük populyarlıq qazandığı obraz hansıdır?

1981-ci ildə ekranlaşdırılan "Səni axtarıram" televiziya tamaşasındakı Gülnar rolu. Aktrisa etiraf edir ki, "gecəni Firəngiz kimi yatıb, səhər Gülnar kimi ayılıb".

-  Yaşar Nuri ilə aralarında olan münasibət barədə nə deyib?

Onlar illərlə ən yaxın dost və tərəf müqabili olublar. Firəngiz xanım Yaşar Nurini "gənclik sevgisi" adlandırsa da, aralarındakı münasibətin həmişə səmimi dostluq və qarşılıqlı hörmət üzərində qurulduğunu bildirib.

 - Aktrisanın şəxsi həyatı necə olub?

Bir dəfə ailəli olub. Avropada yaşayan İran azərbaycanlısı ilə evlənsə də, övladı olmadığı üçün öz istəyi ilə bu nikaha son qoyub. O, sənətin şəxsi həyatını müəyyən mənada əlindən aldığını qeyd edir.

- Firəngiz Mütəllimova səhhəti ilə bağlı hansı ağır sınaqdan keçib?

2013-cü ildə başında yaranan ciddi problemlə əlaqədar Türkiyədə ağır əməliyyat keçirib. Hətta əməliyyatdan sağ çıxmamaq riskini belə sənədlə imzalayaraq qəbul etsə də, əməliyyat uğurla nəticələnib.

-  Firəngiz Mütəllimova şöhrətin onun həyatına təsirini necə xarakterizə edir?

Xalq artistinin illər öncəki görüntüsü heyranlıq doğurdu

Firəngiz Mütəllimova "Gülnar" obrazı ilə gələn ani şöhrətin onun şəxsi həyatını "darmadağın" etdiyini bildirir. O, insanların onu Firəngiz kimi, yoxsa canlandırdığı obraz kimi sevdiyini ayırd edə bilmədiyi üçün uzun müddət insanlara olan inamını itirdiyini və daxili tənhalığa çəkildiyini etiraf edir.

-  Firəngiz Mütəllimova aktrisalıq sənətindən narazı qaldığı məqamlar barədə nə deyir?

Firəngiz Mütəllimova bəzən bu sənəti seçdiyinə görə "acığının tutduğunu" gizlətmir. Xüsusilə cəmiyyətdə aktrisalara qarşı bəzi qeyri-etik münasibətlər və maddi imkanı ilə mənəviyyatını ölçən insanların davranışı onu teatrdan uzaqlaşmaq dərəcəsinə çatdırıb. Lakin hər dəfə sənətə olan bağlılığı qalib gəlib.

-  Firəngiz xanım gənclik illərindəki çətinlikləri necə xatırlayır?

Firəngiz Mütəllimova  məşhurlaşdığı dövrlərdə belə maddi sıxıntılar çəkdiyini qeyd edir. Kirayədə qaldığını, bəzən günlərlə çörək tapmadığını, lakin buna baxmayaraq gündə 4 tamaşa məşq edərək sənətinə fədakarlıqla xidmət etdiyini vurğulayır.

-  Firəngiz Mütəllimovanın pərəstişkarları ilə münasibəti necə olub?

O dövrdə teatrda ən çox məktub alan aktrisa olduğunu deyir. Hər gün onlarla sevgi və pərəstiş məktubları alırmış. Bu məktubları uzun illər qoruyub saxlasa da, təəssüf ki, köç zamanı həmin arxiv itib.

-  Firəngiz Mütəllimovanın həyatında təhlükəli anlar olubmu?

Bəli, bir dəfə naməlum bir pərəstişkarı tərəfindən şantaj və hədə-qorxu ilə üzləşib. Həmin vaxt teatrın direktoru, görkəmli aktyor Həsənağa Turabova müraciət edib və məsələ bir neçə gün ərzində öz həllini tapıb.

-  Firəngiz Mütəllimovanın sənət fəlsəfəsi nədən ibarətdir?

Firəngiz Mütəllimova həyatda itirdiklərinə (ailə, övlad) baxmayaraq, Allahın onu məhz bu sənət üçün yaratdığına inanır. Bütün çətinliklərə rəğmən, səhnəni öz taleyi və ən böyük sevgisi hesab edir.

-  Hazırda Firəngiz Mütəllimova harada çalışır?

Firəngiz Mütəllimova hazırda Azərbaycan Akademik Milli Dram Teatrının aparıcı aktrisasıdır. Eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olaraq gənc aktyor nəslinin yetişməsində böyük rol oynayır.

-  Firəngiz Mütəllimova sənətdə hansı titulu daşıyır?

Firəngiz Mütəllimova Azərbaycanın ən sevilən sənətkarlarından biri kimi Xalq Artisti titulunu daşıyır və dövlət tərəfindən Prezident təqaüdünə layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar