Onunla dərs dediyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görüşdük. Tələbələri ilə Elçinin “Şekspir” əsəri əsasında hazırlanacaq tamaşanın məşqini edirdi. Onu gülərüz, həlim xasiyyət birisi kimi tanısam da müəllimə kimi birinci dəfə görürdüm. Tələbələri ilə nə qədər mülayim olsa da, bir o qədər sərt və tələbkar olan Firəngiz Mütəllimovanın parta arxasında oturduğu illəri öyrənmək maraqlı idi. Onun məktəb illəri Azərbaycanın dilbər guşəsi olan Şuşanın sakit və bəxtəvər anlarına təsadüf edir...
Lent.az-ın “Məktəb illəri” layihəsinin növbəti qonağı Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllimova öz uşaqlıq illərini belə xatırlayır...
Ağlayıb, özümü yerə vurdum...
Birinci sinfə Ağcabədi rayonun Üzeyir kəndində getmişəm. Ağcabədidə məktəbə getməyimə səbəb atam və anamın ora təyinatının olması idi. 3-cü sinfə qədər həmin məktəbdə oxudum. İlk dərs günüm yadımdadır. Xalam mənim üçün Bakıdan çanta alıb göndərmişdi. Mən də məktəbdə gördüm ki, hamı parça çanta götürüb. Evə gələn kimi ağlayıb, özümü yerə vurdum ki, mən də o çantadan istəyirəm. Rəhmətlik anam gecə mənə parçadan həmin çantanı tikdi.
Fikrim yalnız qardaşımda idi...
İlk müəlliməm Səmaya müəllimə olub. İbtidai sinifdəki müəllimlərim, sinif yoldaşlarım xatirəmdə az qalıb. Çünki məktəbdə diqqətim qardaşımda olurdu. Qardaşımın 5 yaşı olmasına baxmayaraq, zehinli idi. Ona görə də onu məktəbə qoymuşdular. Mən də hər dəqiqə ona diqqət edirdim. Bütün fikrim, zikrim onun yanında olurdu. 4-cü sinifdə biz Şuşaya köçdük və mən orada məktəbə getdim. Amma bir şeyi qeyd edim ki, şagird bir məktəbdən başqa məktəbə köçən zaman onun yeni mühitə öyrəşməsi çox çətin olur. Bu, uşaqlara psixoloji təsir edir. Mən də bu çətinliyi çəkdim. Çalışqan şagird olmuşam. Coğrafiya, tarix, rus dili, ədəbiyyat fənlərini çox yaxşı oxuyurdum. Kimya və həndəsədən isə həmişə qorxmuşam. Ümumilikdə götürdükdə isə müəllim uşağı olduğumuz üçün yaxşı oxuyurduq.
Xəyallara dalırdım...
Ağılım kəsəndən özümü aktrisa kimi görürdüm. Şuşaya köçdükdən sonra, kinoteatrda olan məhəllədə yaşayırdıq. Orada hər gün kinoteatra gedirdim. Beləcə o kinoteatrlar mənim həyatımı dəyişdi. Ədəbiyyat dərnəyinə gedirdik. Amma mən özüm xəyalpərəst uşaq idim. İstər-istəməz xəyalpərəstliyik haradasa sənət adamlarına məxsus olan bir haldır. Məsələn, lap uşaqlıqdan Ağcabədidə doqqazımızın qabağında qəribə bir arx axırdı. Onun yanında da söyüd ağacımız var idi. Hər gün onun altında otururdum. Vaxt , zaman keçdi. Mən İlyas Əfəndiyevin “Söyüdlü arx” əsərini oxuyanda özümü orada təsəvvür etdim. O kənd uşağı, orada oturan gəlin, elə bilirdim mən özüməm. Beləcə, bu aktrisalıq istəyi mənim qanıma, canıma hopmuşdu. Mən lap uşaq idim, kuklaları danışdırırdım. Bu, məndə Allah vergisi idi. 4-cü sinifdə kitabxanaya üzv idim. Bütün kitabları oxuyurdum. Hər gün mütaliə edirdim. “Dodaqdan qəlbə” romanını əzbər bilirdim. Günlərlə oxuyurdum. Hər kitab oxuduqca beynimdə qəhrəmanları yaradırdım, onların rəsmlərini çəkirdim. Beləcə bunlar mənim həyatımın ayrılmaz hissəsi oldu. Amma evdə aktrisa olacağımı demirdim.
Çox ciddi rejimdə təhsil alırdıq
Davakar olmasam da, küsəyən qız idim. Bir balaca xətrimə dəyən kimi küsürdüm. Amma dava etmirdim. Bəlkə bu da ciddi şərtlər altında təhsil almağımıza görə idi. Məktəb direktorumuz tələbkar qadın idi. O, bizə rəngli corablar geyməyə, saçımızı başqa formalara salmağa icazə vermirdi. Yalnız saçlarımız hörməli, adi corablar geyinməli, tənəffüsdə isə yalnız kitab oxumalı idik. O, hər dəqiqə bizə nəzarət edirdi.
Ermənilərin evinə gedib-gəlirdik...
O vaxtları biz ermənilərlə çox yaxın olmuşuq. Baxmayaraq ki, hərdən məktəbdə davalarımız olurdu. Onu da əsasən oğlanlar edirdi. Amma ümumilikdə çox mehriban idik. Bir məhəllədə yaşayırdıq. Evlərimizə gedib-gəlirdik. Elə ev var idi ki, erməni çox mehriban idi, Azərbaycan dilində təmiz danışırdı. Digəri olduqca acıdil və bizə düşmən gözü ilə baxırdı. Mən əsasən atası azərbaycanlı, anası erməni olan uşaqları tanıyırdım. Onlarla dostluq edirdik, deyib-gülürdük. Ağlımıza da gəlməzdi ki, sonradan belə hadisələr olacaq.
Maddi cəhətdən zəngin deyildik
Maddi cəhətdən o qədər də imkanı olmayan ailədə böyümüşəm. Çətinliklərimiz olurdu. Məktəbimizdə kolbasa satılırdı. Pulumu yığırdım kolbasa-çörək alırdım. Həmin gün çox sevincli olurdum. Hər 6-cı günlər kino göstərirdilər. Pulumu toplayıb, ora gedirdim. O vaxtlar müəllimələr hədiyyə almaq dəbdə olmasa da, anam çalışırdı nəsə etsin.
Burnumdan qan açıldı...
Dərslərimi yaxşı oxuduğum üçün müəllimlərlə o qədər də problem yaşamamışdım. Amma bir dəfə biologiya müəlliməm mənə 3 qiyməti yazmışdı. Anam buna etiraz edərək məktəbə gəlmişdi. Əlbəyaxa olmasa da, sözlə çox pis dava etmişdilər. Demişdi ki, 5 qiyməti yazdığınız uşaqlar bundan artıqdır? Müəllimə də üzrxahlıq etmişdi. Bir hadisə də heç vaxt yadımdan çıxmaz. Mən əmək dərsində gülürdüm. Müəllim də mənə yaxınlaşdı ki, vursun. Mən də evə gələrkən yolda burnuma vurdum, qan açıldı. Evdə gedib dedim ki, müəllim vurub. Anam çox hirslənmişdi. Məktəbə gəlib, müəllimə acıqlandı ki, uşağımı necə vurmursunuzsa burnu qanayıb.
Rus bölməsindəki oğlan mənə yazmışdı ki...
Düzünü deyim ki, məktəb illərində məni sevənlər çox olub. Hamı məni sevirdi. Tez-tez eşq məktubları gəlirdi. Uşaqlıq sevgiləri maraqlı olur. İlk sevgi məktubunu yeddinci sinifdə almışam. Başqa bir məktəbdə rus bölməsində oxuyan bir oğlan mənə sevgi məktubu yazmışdı. Dəqiq yadımdadır, oğlan yazmışdı: “Ya rəbb, bəlayi-eşq ilə qıl aşina məni. Bir dəm Firəngizdən etmə cüda məni”. Oxuduqca çox gülürdüm. Həyatımın ilk sevgi məktubu məni həyəcanlandırmışdı. Biri də yazmışdı ki, səni görməyəndə pis oluram. Mənə ya “hə”, ya “yox” de. Amma məktubları cırırdım ki, valideynlərim görsə, acıqlanarlar. Yuxarı sinifdə oxuyan oğlanların çoxu məni sevirdi. Məktəb sevgisi ayrıca maraqlı olur. Tənəffüs zamanı, sən dəhlizdə kitab oxuyanda görürsən ki, oğlanlar sənə baxır. Təmiz və şirin hisslərdir. Qəribəsi odur ki, o zamanlar biz oğlanlara bir yerdə oynayırdıq, qaçırdıq. Düşünmürdük ki, bu oğlan bizi sevər.
Hərbi-hazırlıq müəllimimi sevirdim
Mənim isə fikrim yalnız dərslərimdə idi. Ona görə də heç bir oğlanı sevmirdim. Amma 7-ci sinifdə oxuyanda hərbi-hazırlıq müəllimimizə aşiq olmuşdum. Heç kimə bildirməsəm də çox sevirdim onu. Həmin müəllim Bakıdan gəlmişdi. Hər dəfə onun dərsində özümdən xəyallar qurmağa başlayırdım. Onun dərs cədvəllərinə baxırdım. Hansı saatda, hansı sinifdə dərs keçdiyini öyrənib, ora gedirdim. Qəsdən həmin koridordan keçirdim ki, onunla rastlaşım. Sonra baxdım ki, qızların 80 faizi onu sevir. Ona görə də mənim üçün maraqsız oldu.
Yayda mövsümü sevgilərimiz başlayırdı...
Hər yay Aran rayonlarından imkanlı adamlar istirahət etmək üçün Şuşaya köçüb gəlirdi. Həmin vaxt bizim maraqlı məhəbbət mövsümümüz başlayırdı. Qızlarla bir yerdə oturub həmin ailənin oğlanlarına baxıb, özümüzü göstərirdik, gülürdük. Amma bu sevgi bir mövsüm sürürdü. Növbəti yay yenə başqa ailələr gəlirdi. Biz də həmin ailənin oğlanlarını sevməyə başlayırdıq. Bu, hal hər il təkrarlanırdı.
Hamı gəzməyə gedirdi, məndən başqa
Yuxarı sinfilərə çatdıqca qayğılarım artırdı. Bir az dərslərdən yayınırdım. Çünki bacılarım balaca olduğu üçün onlara mən baxırdım. Mən və qardaşımdan sonra bizim bir qardaşımız rəhmətə getdi. Ona görə də valideynlərim övlad istəməmişdilər. İki bacım bizdən çox sonra dünyaya gəlmişdilər. Onlara mən diqqət edirdim. Rəfiqələrim harasa gedirdi, mən gedə bilmirdim. Oturub uşaqlara baxırdım. Anam isə deyirdi ki, onların duaları sənə kömək edəcək, sən universitetə qəbul olacaqsan. Mən ancaq oxumuşam, oxumuşam. İmtahanlarımı da çox yaxşı vermişəm. Amma həmin vaxt çox həyəcanlı olurdum. O da yəqin ki, məsuliyyətdən olurdu...
Rasim Balayeva məktub yazıb dedim ki...
Məktəb illərində yaxşı xatirələrim çox olub. Unutmadıqlarımdan biri də odur ki, bir gün dedilər ki, sabah səliqəli geyinin, aktyorlar gələcək. Elə o zaman mən ilk dəfə canlı aktyor gördüm. Həsən Məmmədov və Ramiz Məlikovu. Yaxınlaşdım onlara, dedim ki, sizinlə şəkil çəkdirmək istəyirəm. Hətta söylədim ki, mən də aktrisa olacağam. 7-ci sinifdə Rasim Balayevə məktub yazmışdım. Yazmışdım ki, mənim sizdən xoşum gəlir. Mən bilirəm ki, siz çox məktublar alırsınız. Bilirəm ki, siz bu məktubu oxuyub zibil qutusuna atacaqsınız. İllər keçdi, zaman ötdü. Mənim 50 illik yubileyimdə Rasim Balayev yanımdan keçəndə dedi ki, Firəngiz, mən o məktubu zibil qabına atmamışam... Dedim ola bilməz. Siz o məktubu oxumsunuz? Dedi o zaman oxumuşdum. Sonra təkrar oxuyanda bildim bu sənsən.
Anam çox ağladı...
Aktrisa olmaq istəyimi atam yaxşı, anam isə pis qarşıladı. Atam dedi ki, uşaqdır. Həvəsi var, getsin. Amma onsuz da kəsiləcək. O, evdən çölə çıxmayıb, nə bilir aktyorluq nədir? Elə oldu ki, mən həmin il qəbul oldum. Anam isə çox ağlamışdı. Qəbul olunduqdan sonra xalam nəzir vermək üçün aparmışdı. Mən də elə bilirəm anam sevincdən, ağlayır. Demə o, istəmirmiş. Evdən mənim tibb bacısı olmağımı arzulayırdılar.
Qaşlarımı aldığım üçün anam məni döydü
Mən tələbəliyimin 4-cü kursunda oxuyan zaman özbək film çəkiliş heyəti gəlmişdi. Mənim qalın çatma qaşlarım var idi. Onlar məni salona apardılar. Başladılar qaşlarımı almağa. Baxmayaraq ki, böyük qız idim, amma, bizim dövrümüzdə qayda-qanun başqa idi. İndiki uşaqlar kimi deyildi. Mən bilmirdim neynəyirlər. O zaman belə şeylərə də pis baxırdılar. Mən onların filmində çəkilməli idim. Qısası, bunlar mənim qaşlarımı alıb, başıma da araqçın papaq qoydular. Həmin ilin yayında Şuşaya getmişdim. Qonşular anama nəsə deyiblər. Birdən anam qulağımın dibindən bir sillə çəkdi. Qaşlarımı aldığım üçün məni məzəmmət etdi. Mən də dedim ki, mən etməmişəm. Hər şeyi onlar etdi (gülür).
Məktəbdə dəbdə olan qız idim
Mən həmişə dəbdə olmuşam. Sinifdə qızlar bir neçə qrupa ayrılmışdılar. Mən kimin rəfiqəsi olurdumsa, bir-birinə qısqanırdılar. Çünki nikbin qız olmuşam. Sinif yoldaşlarımın çoxu ilə bir məhəllədə olurduq. Onları bir yerə yığıb konsert verirdim. Bütün hind filmlərini onlara göstərirdim. Gah Bobbi olurdum, gah da Cimi. Məktəb vaxtı ən üzüldüyüm an isə nənəmin rəhmətə getdiyi vaxt idi. Çox üzülmüşdüm. Onda mən 7-ci sinifdə oxuyurdum. Nənəm mənim saçlarımı kəsəndə ona hirslənirdim. Onun şalvardan xoşu gəlmirdi. Mən şalvar geyinəndə hirslənirdi. Ona görə də evə şalvarda gələndə, tez həyətdə yubka geyinib sonra içəri girirdim. Amma nənəm öləndə dedim ki, gərək sağ olardı, mən hirsləndirməzdim onu...
Şuşada yenidən 4 nömrəli məktəb açılsın...
Sinif yoldaşlarımla tez-tez əlaqə saxlayıram. Müəllimlərimi də görürəm. İşğaldan sonra bildim ki, məhəlləmiz yoxdur. Tamamilə dağılıb. 4 nömrəli məktəb isə Bakıda açılıb. Elə o məktəbin direktoru sinif yoldaşımdır, müəllimimizin qızıdır. Bizim Bəylər adlı müəllimimiz var idi. Savadlı olduğu üçün ona “Lenin”, “Kəllə Bəylər” deyirdilər. Onun qızı Namə həmin məktəbin direktorudur. Digər bir sinif yoldaşım da başqa bir məktəbin direktoru vəzifəsində çalışır. Amma çox arzulayıram ki, elə Şuşanın özündə 4 nömrəli məktəb açılsın...
Hamı mənə görə heyfsilənirdi...
Bir gün atam gəlib dedi ki, Bəylər müəllim deyir Firəngizlə Naməni məktəbdən çıxaraq. Pedaqoji texnikuma qoyaq. Mən də əvvəl razılaşdım. Sonra ayıldım ki, ola bilməz. Ağlamaqdan üzülmüşdüm. Onda ailəmə dedim ki, mən aktrisa olacağam. Müəllimlərim də mənim bu istəyimə heyfsilənirdi. Axı o zaman belə şeylər yaxşı qarşılanmırdı. Məni başa düşmürdülər. Dərsdə inşa yazarkən, deyirdim mən aktrisa olacağam. Müəllimlərim bunu bilə-bilə hansısa istədiyim obrazı başqa adama həvalə edirdilər. Mən də deyirdim ki, vaxt gələcək mən bura aktrisa kimi qayıdacağam. İndi deyirəm vaxt gələcək Şuşadakı məktəb mənim adımı daşıyacaq.
Şuşa başqa aləm idi...
İndi məktəb illərini xatırlayıram. Ən çox xatirəmdə qalan Şuşanın qışı idi. Biz tərəf çox soyuq olurdu. Çox çətin, həm də gözəl qış keçirdi. Qışda Şuşadan başqa heç bir yerdə yaşamamışam. Qarı elə gözəl, təmiz idi ki. Buradakı kimi küləklə yağmırdı. Orada ən təmtəraqlı günümüz, paraddan keçmək idi. Təzə ayaqqabılar alırdıq.
O Firəngiz daha xoşbəxt idi...
Məktəbli Firəngiz Mütəllimova çox xoşbəxt idi. Fotolarımızın çox az bir qismi qalıb. Onlara baxıram. Hər zaman səliqəli, xoşbəxt görünüşdə olmuşam. Məktəbin son ilində anam dedi ki, sənə yeni geyim ala bilməyəcəyik. Köynəyimin qolları isə süzülmüşdü. Mən də yenidən xərc olmasın deyə, qollarını kəsib, qatlayıb güllər vurdum. Beləcə məktəbə bir gün getdim. Sabah baxdım ki, məktəbdə hamı köynəyin qolunu kəsib, güllər vurub.
1976-cı ildə məktəbi bitirdim. O zaman heç ağlımıza gəlməzdi ki, oxuduğumuz məktəb viran qalacaq. Biz Şuşanın ən gözəl vaxtında yaşadıq. Hər şey sonradan oldu...
Jalə Məmmədli
Firəngiz Mütəllimova: “Qaşlarımı aldığım üçün anam məni döydü” – SÖHBƏT –
9508