Hərbçilər Beyləqanda şəhidin yasında iştirak ediblər
02 mart 2017 16:09 (UTC +04:00)

Hərbçilər Beyləqanda şəhidin yasında iştirak ediblər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə hərbçilər, bir qrup keçmiş döyüşçü və ictimai birlik rəhbərləri bu gün Beyləqan rayonuna yollanaraq  Ağdam rayon Mərzili kənd sakini, Beyləqan rayonunda dəfn olunmuş şəhid Qədimov Zülfü Rəhim oğlunun üç mərasimində iştirak edib.

 

Lent.az-ın Qazilər.az-a istinadən məlumatına görə, yas mərasimi Beyləqan rayonunun Borsulu kəndində keçirilib. Şəhidin ailə üzvləri ilə görüşən hərbçilər onlara başsağlığı verib.  

 

Yas mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnik Rasim Şirinov, Silahlı Qüvvələrə Nəzarət İB-nin sədri Emin Həsənli, Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, Əfqanıstan Veteranları İB sədr Məhəmməd Əliyev, Dünya Azərbaycanlılarının Vətənpərvərləri İB sədri Nəsimi Qarabağlı, Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov, Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu, Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev, Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Beyləqan rayonunun millət vəkili Şahin İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan və Ağdam rayon şöbələrinin rəisləri, Beyləqan rayon polis rəisi, Beyləqan rayon prokuroru və Beyləqan rayon DTX rəisi də iştirak ediblər. 

 

Beyləqan rayonunun millət vəkili Şahin İsmayılov çıxış edərək şəhidin atasına səbr diləyib. “Nə qədər desək ki, övlad itkisi çox çətindir, əgər şəhidlərimizin indiyə qədər bir valideyni vardısa, indi onların valideyni bütün Azərbaycan xalqıdır. Şəhidlərimiz öz qəhrəmanlıqları ilə bundan sonrakı nəsillərə örnək olacaq. Bizim bir böyük vəzifəmiz də o torpaqlarımızı azad etməkdir. İnşallah, Ali Baş Komandanın əmri ilə bu, yaxın vaxtlarda gerçəkləşəcək. Bizim bir əsgərimiz, erməninin min əsgərindən üstündür. Allah rəhmət eləsin! Valideynlər bir övlad itirirsə, əvəzində min övlad qazanır”.

 

 Silahlı Qüvvələrə Nəzarət İB nin sədri Emin Həsənli də şəhid Zülfü Qədimovun Vətən uğrunda şəhid olduğunu bildirərək şəhidin ailə üzvlərinə başsağlığı verib. “Adam var bir evdən gedir, adam da var bir eldən gedir. Şəhidlər bütün Azərbaycanın itkisidir. Hərbi xidmətə gedənə qədər bir şəxs bir ailənin soyadını daşıyırsa, xidmətə gedib əsgər paltarı geyəndən sonra Azərbaycanın soyadını daşıyır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

 

Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı da bildirib ki, Azərbaycan ordusu hərtərəfli inkişaf edib: “ Allah heç bir ailəyə övlad itkisi göstərməsin, çox ağırdır bunu yaşamaq. Biz ruhdan düşməməliyik. Çünki ordumuz hərtərəfli inkişaf edib. Ordumuzda əhval-ruhiyyə həddən artıq yüksəkdir. İnşallah, ordumuz son sözünü deyəcək və o zaman bizim Zülfü Qədimovun və başqa şəhidlərimizin ruhu şad olacaq. Bir daha şəhidimizə Allahdan rəhmət diləyirəm, valideynlərinə səbr diləyirəm. Zülfü bizim hamımızın itkisidir, hamımızın övladımızdır. Ruhu şad olsun!” 


 

Xatırladaq ki, hərbiçilər dünən Şəki şəhəri və Tovuz rayonunda olaraq şəhidlərin yas mərasimində iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 260
avatar

Oxşar yazılar