Hərbi-vətənpərvərlik və müharibədə zərər çəkmiş vətəndaşlarla iş sahəsində fəaliyyət göstərən QHT - lərin koalisiyası Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.
Lent. az - ın verdiyi məlumata görə, sabiq müdafiə naziri ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri Dadaş Rzayev prezident İlham Əliyevin sosial-iqtisadi sahədə gördüyü işlərdən, ordu quruculuğu sahəsində atdığı addımlardan danışıb.
Dadaş Rzayev Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəklədiklərini bildirib. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib ki, prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib.
Emin Həsənli qeyd edib ki, çadır şəhərcikləri ləğv edilib, Azərbaycanın hərbi büdcəsi Ermənistanın büdcəsindən çoxdur: “Azərbaycan ordusunun zabiti Ramil Səfərov Macarıstandan Azərbaycana ekstradisiya edildi və azadlığa çıxdı. Dövlət başçısı şəhid ailələri, Qarabağ veteranlarına xüsusi qayğı ilə yanaşır, ad gününü o insanlarla keçirir”.
Azərbaycanda sosial-iqtisadi sahədə atılan addımlardan danışan Emin Həsənli Azərbaycanın sürətli inkişafının təmin edilməsi üçün gənclərimizin xarici ölkələrə təhsil almağa göndərildiyini söyləyib. Heydər Əliyevin apardığı quruculuq işlərindən söz açan Emin Həsənli bildirib ki, prezident İlham Əliyevin alternativi yoxdur.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev Azərbaycanın müstəqillik qazandığı illərdə yaşadığı ağır şəraitdən danışıb: “Cəbhə bölgəsində də könüllü dəstələr hansısa mərama qulluq edirdi. Yalnız Heydər Əliyev hakimiyyətə gələndən sonra vahid ordu yaradılmağa başlandı. Buna qədər torpaqlarımız ayrı-ayrı mərd oğullarımız sayəsində müdafiə olunurdu. Ancaq itkilərimiz çox oldu. Hücuma keçən də Rusiyanın dəstəklədiyi Ermənistan idi. Heydər Əliyevin təməlini qoyduğu quruculuq işləri bu gün prezident İlham Əliyev tərəfindən davam etdirilir. Əsgərlərimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı hər an azad etməyə hazırdır. Ancaq prezidentimiz hələ problemin danışıqlar yolu ilə həll edilməsinə çalışır, şəhidlərimizin olmasını istəmir. Bu gün ordumuzun silah-sursat, maddi təchizatı çox yüksək səviyyədədir. Bu gün təmas xəttində düşmənin texnika və canlı qüvvəsi kompüterlə müşahidə edilir”.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev prezident İlham Əliyevin şəhid ailələrinə və Qarabağ veteranlarına daim qayğı göstərdiyini vurğulayıb.
Tədbirin sonunda prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə bəyanat qəbul edilib.
Hərbi yönümlü QHT-lər prezident İlham Əliyevin namizədliyini irəli sürdülər
766