Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti 6-7 iyul tarixlərində gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, iyulun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi əsəcək, arabir nisbətən güclənəcək. Havanın temperaturunun gecə 20-23 dərəcə, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.
İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz keçəcək. Temperatur gecə 20-23 dərəcə, gündüz 30-35 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə, iyulun 6-da rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Temperatur gecə 18-23 dərəcə, gündüz 32-37 dərəcə, dağlarda gecə 11-16 dərəcə, gündüz 21-26 dərəcə isti olacaq.
İyulun 7-də də rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 33-38 dərəcə, dağlarda gecə 11-16 dərəcə, gündüz 23 -28 dərəcə isti olacaq.