Hadi Rəcəbli Lent.az-a yazır: ZƏRİFLƏR
08 mart 2013 00:30 (UTC +04:00)

Hadi Rəcəbli Lent.az-a yazır: ZƏRİFLƏR

Bu gün zəriflərin – xanımların günüdür. 8 Mart Beynəlxalq Qadınlar Gününü ənənəvi olaraq Klara Setkinin adı və fəaliyyəti ilə bağlayırlar. 1910-cu ildə Kopenhagendə qadın-sosialistlərin ikinci beynəlxalq konfransında qadın hüquqlarının müdafiəsi günü kimi hər il bir günün bayram edilməsi qərara alınır. Sanki elə cəmiyyətin də belə bir bayrama, günə ehtiyacı var imiş. Elə bil cəmiyyət bu bayramı istəyirmiş. Sovet dönəmində də bu bayram qadınlara olan məhəbbətin, münasibətin ifadəsi idi. Mən təəssüf edirəm ki, sovet dönəmindəki 8 Mart təntənəsi hazırda o miqyasda yoxdur, indi o cür yaşanmır. O vaxt yaxşı yadımızdadır, müəllimlərə çiçək verilməsi, sinif oğlanlarının qızlara hədiyyə alması. Artıq 8 Mart Beynəlxalq Qadınlar Günü bizim el adət-ənənələrimizin bir elementi olmuşdu. 8 Mart qadına, anaya hörməti, məhəbbəti ifadə etməyin bir səbəbi olmuşdur. Hərdən görürsən ki, adam səbəb tapmır, elə-belə gəlib deyəsən ki, “səni sevirəm, çox gözəl xanımımsan, uşaqlarımı yaxşı saxlayırsan”. Elə bil ki, bu  bir bəhanədir. 8 Mart Beynəlxalq Qadınlar Günü qadına olan münasibətin emosional və rəngarəng ifadə formasıdır. Mən ulu öndərimiz Heydər Əliyevə minnətdaram ki, təqvimdə il ərzində mövcud olan bayramlara yenidən baxanda, bu bayramı Azərbaycan xalqı üçün gözəl (əziz) bayramlardan biri kimi saxladı. Bəzi bayramlar 1 may, 7 noyabr və başqaları silindi. Amma 8 Mart Beynəlxalq Qadınlar Günü qaldı. Möhtərəm prezidentimiz İlham Əliyev cənabları də hər il olduğu kimi bu il də bu bayramı təntənəli qeyd etmək üçün addımlar atır, qadınlarımızı təbrik edib, Azərbaycan qadınının mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxladığını, tarix boyu özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə keçmişimizə parlaq səhifələr yazdığını vurğulayıb.

 

Ana - sosial prioritetlərdən biri kimi

 

Ailə, qadın, uşaq problemləri hər zaman bütün ictimai-siyasi formasiyalarda aktual olub, aktualdır və aktual olacaq. Tarixə nəzər salsaq, görərik ki, bütün dövrlərdə qadınların cəmiyyətdə bu və ya digər formada üstünlüyü olub, indi də bəzi xalqlar var ki, anaya görə övladın kimliyini təsdiq edirlər. Biz əgər dünya dövlətlərinin konstitusiyalarına, hüquqi-normativ sənədlərinə və hətta şəriət qanunlarına diqqət yetirsək, görərik ki, ölkələrdə, dinlərdə, İslamda qadına olan hörmət və münasibət necədir. Bunu niyə xatırladıram? Çünki indi qadına münasibət dəyişib, həm də pis mənada dəyişib. Məsələn, mən baxıram, küçədə oğlanlar qızları itələyir, onlarla kobud rəftar edirlər. Uşaqlıqda məktəbdə qızın saçını dartmaq, “qıza ilişməy”in bir yolu kimi hesab olunardı. Daha qızlara qarşı indiki bəzi kobud münasibətlər  yox idi. Yaxud şəhərdə görürəm ki, qızlarımız cins şalvarları elə geyinirlər ki, o ismət elementləri itir. Qızların siqaret  çəkməyi, içki içməyi və bəzi narahat hərəkətlərini görəndə, mən məyus oluram. Qadın yüksək, ali məxluqdur, o daim ağır olmalıdır. Nə qədər cəmiyyət var, cəmiyyətin böyük hissəsi olan qadınlara münasibət daim aktual olacaqdır. Sosial siyasətin prioritetlərindən biri qadındır. Mən 45 illik peşəkar siyasi fəaliyyətimin bütün mərhələlərində, 20 ilə yaxın müddət isə Milli Məclisdə bu problemlərlə məşğul oluram. Bu baxımdan bu mövzuya müraciət etməyim təsadüfi deyil. Azərbaycanda qadınların hüquqlarının müdafiəsi istiqamətində sistemli və ardıcıl addımlar atılıb. Biz 1995-ci ildə qadınlara qarşı bütün nov ayrı-seckiliyin ləğv olunması barədə Konvensiyanı, eləcə də insan haqları üzrə əsas beynəlxalq sənədləri qəbul edib və onlara qoşulmuşuq. Ümummilli lider Heydər Əliyev 14 yanvar 1998-ci ildə “Azərbaycan Respublikasında qadınların rolunun artmasına dair tədbirlər haqqında” fərman imzalayıb, 6 mart 2000-ci il tarixində imzalanan sərəncamla isə dövlətin qadın siyasətinin həyata keçirilməsi sahəsində ən mühüm istiqamətləri müəyyənləşdirilib. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları bu istiqamətdə siyasəti davam etdirib, 2006-cı ildə əsas məqsədi Azərbaycan qadınının  problemlərini həll etmək, minimuma endirmək olan Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Bu, MDB məkanında ilk və hələ ki, yeganə belə sərbəst qurumdur. 2006-cı ildə Avropa Şurasının qadınlara qarşı zorakılığın qarşısını alma kampaniyasına rəsmən qoşulmuşuq.  Müstəqillik illərimizdə qadın hüquqları ilə bağlı 150-yə qədər sənədə imza atılıb, qadınlara münasibətdə ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılmasına dair Konvensiya ratifikasiya edilib. 2006-cı ildə “Gender bərabərliyinin təmin edilməsi” haqqında qanun qəbul edilib.  2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul etmişik. Konstitusiyamız, Ailə və Cinayət-prosessual Məcəllələri də xanımlarımızın hüquqlarını daha ciddi qorumaq istiqamətində daim təkmilləşir. Azərbaycan Hökuməti Pekin şəhərində keçirilmiş IV Ümumdünya Qadınlar Konfransının “Fəaliyyət platforması”nı qəbul edib və ona uyğun olaraq, ölkədə gender statistikasının inkişaf etdirilməsi məsələlərini Dövlət Statistika Komitəsinə həvalə edib.

 

Ailənin dayağı

 

2009-cu ildə referendumda Konstitusiyaya edilən dəyişikliklərdə ailənin bilavasitə dövlətin himayəsində olduğu xüsusi vurğulanıb. Qeyd edilib ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin himayəsindədir.  Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur, bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Eyni zamanda valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Əgər biz ailədən danışırıqsa, ailənin bünövrəsi kimdir? Əlbəttə qadındır. Diqqət yetirəndə görürük ki, ana laylası, dili, bəlağəti ilə tərbiyə eləyir. Yəni bu gün övladlar atanı təqlid eləyirlərsə, ananın  laylası ilə böyüyürlər. Qız alanda deyirdilər: “Arşınına bax bezini al, anasına bax qızını al,”, “Anası gəzən ağacı qızı budaq-budaq gəzər”. Bunlar əlbəttə ki, qədimdən gələn söhbətlərdir. Amma çox təəssüflər ki, bizdə doqmatik ailə institutu zaman-zaman özünün bəzi müsbət dəyərlərini hissə-hissə itirir. Yəni ailənin bütövlüyü, nikahın uzun müddətliliyi tədricən aşınır.  İslamda şəriət qanunları var, məsələn, biz deyirik ki, gənclər nikaha girəndə sağlamlıq haqqında arayış alsınlar, amma bunu bəziləri qəbul eləmirlər. Şəriət qanunlarında təkcə bu yox, qızla oğlanın ağzından qoxu gəlir ya gəlmir, hətta bunu da bilməli imişlər. Təsəvvür edin ki, bu dərəcədə detallaşdırılıb. Sağlamlıq haqqında arayışın istənilməsində, qızların nikah yaşının 18-ə qaldırılmasında məqsədimiz məhz qızları qorumaqdır. Çünki bəzən gənclər ailə qurur, əlil uşaq dünyaya göz açır, uşaqla bərabər ana da mənəvi, psixoloji, fiziki, sosial problemlərlə üzləşir. Xəstəlik daşıyıcıları, qan qrupu uyğun olan insanlar nikaha girirlər, talassemiyalı övladlar dünyaya göz açır. Tibbi müayinə zamanı isə qabaqcadan bilirsən ki, əlil uşaq dünyaya göz açacaq. Bunu biləndə, nikaha girən adamlar özlərini gözləyirlər. Bu halda nikah qadağan olunmur, amma nikaha girən insanlara başa salınır ki, uşaqlarınız xəstə doğula bilər. Bu insanlar sağlam uşağın dünyaya gəlməsi üçün müalicə keçməlidirlər, bunun qarşısını almağın, uşağın dünyaya sağlam göz açmağının yolları var. Biz Ailə Məcəlləsinə tez-tez müraciət edirik və bu müraciətdə yenə də qadının mənafeyi öndədir. “Məişət zorakılığı haqqında”, “Sosial iş haqqında” qanunları da qadınları düşünərək qəbul elədik. Bu yaxınlarda “Dağınıq skleroz xəstəliyi haqqında” qanunu qəbul etdik. Bu xəstəlik daha çox qızlarda olur. Beləliklə, biz qadınların, qızların fiziki və mənəvi müdafiəsi ilə bağlı qanunvericilikdə də önəmli addımlar atırıq.

 

Bir həqiqəti vurğulamaq istəyirəm. Bu gün modern Azərbaycan dövlətində Prezident İlham Əliyevin bütün məsələlərlə yanaşı başlıca tələbi nədir? - milli-mənəvi dəyərlərə hörmət, onlara əməl etmək, nə qədər çətin olsa da, bu yüksək insani atributları qorumaq. Əlbəttə, Avropa dəyərləri bizim dəyərlərdən xeyli fərqlidir, kişinin, qadının cəmiyyətdəki yeri, evdə qadın-kişi bərabərliyinin ifrat modelləri... Bu cür tendensiyalar bəzi hallarda xaricdə oxuyan övladlarımızda müşayiət olunur. Sevinirəm ki, əksər hallarda xaricdə təhsil alan qızlarımız milli-mənəvi dəyərlərimizi qoruyub saxlayıblar. Bu baxımdan biz ailəyə qayıtmalıyıq, ailə ilə işləməliyik. Bütün söhbət ailədə getməlidir, ailə milli-mənəvi dəyərlərimizi möhkəm qorumalıdır. Bu məsələlər ailədə formalaşmalıdır, düzdür, cəmiyyətin də tərbiyədə rolu danılmazdır. Çox təəssüf ki, telekanallarda gedən bayağı verilişlər, mentalitetimizdən uzaq telefilmlər, eybəcər şoular milli-mənəvi dəyərlərimizə olduqca ciddi və dağıdıcı təsir göstərir. Amma nə edəsən ki, bu artıq reallıqdır, dünyaya inteqrasiyanın, azad cəmiyyət sisteminin bizim üçün xoşa gəlməyən atributlarıdır.

 

Xanımların missiyası

 

Qadınların orta və ali təhsilə cəlb olunmasını mən yüksək qiymətləndirir və alqışlayıram. Nə qədər konservativ baxış olsa da, mən qızların ali təhsil almalarını istəyərək, onların əziyyətlə pul qazanmalarını, ailə büdcəsini formalaşdırmalarını istəmirəm. Bunu gərək ailənin başçısı, əsasən evin kişisi etsin. Qadın əgər həkimdirsə, müəllimdirsə, çox cüzi müddətə işə gedərək fikrini saxlasın, ancaq əsasən uşağına, ərinə baxsın, ailəsinin qayğıları ilə məşğul olsun. Yox, əgər həkimliyi, pedaqoqluğu, elm, peşə yolunu seçibsə, getsin, çalışsın, uğurlar qazansın, yol açıqdır, mən ona heç nə demirəm. Gəlin açıq danışaq, qədimdə qadınların savadları vardı? Bizim ziyalıların anaları təhsilli olub? Hər ali təhsilli ananın uşağı savadlı olur? Amma bütövlükdə mən tərəfdarıyam ki, analar savadlı olsunlar. Anaların uşağın sağlamlığından, biliyindən xəbərləri olsun. Təəssüf ki, imkanlı ali təhsilli qadınların uşağını dayə saxlayır. O uşaq bütün parametrlərilə dayəsinə oxşayacaq. Bunu da düşünmək lazımdır. Ali təhsil, elmlər namizədi şərt deyil, şərt ananın uşağa münasibətidir. Ana evdə qızını gəlin kimi, oğlunu kişi kimi böyütmək barədə düşünübmü? Məncə oğlana deyilməlidir ki, “öz şəxsiyyətini qorumalısan, mənliyini müdafiə etməyi bacarmalısan, səni təhqir edənin get cavabını ver!”, qıza isə demək lazımdır ki, “ismətli ol, başını aşağı sal, mənəviyyatlı dolan. Evdə böyük-kiçik yeri bil, əsl azərbaycanlı qızı, övladı kimi özünü apar!”  
 

Dəhşətə gəlirəm ki, bəzi ailələrdə kişi evdə oturur, qadın gecə-gündüz işləyir, çörəkpulu qazanır. Belə şey olar? Məncə kişi evlənibsə, qadını, ailəni yedizdirməli, geyindirməli, problemlərini həll etməlidir!!! 
 

Nə edəsən ki, başqa ifrat hallar da olur. Diqqət yetirsək, dərindən təhlil aparsaq, görərik ki, pis yola düşən, hətta həbs olunan kişilərin əksəriyyətinin günahlarından biri də qadınlarla bağlıdır. 
 

Bir də görürsən qadın deyir: “Qonşunun arvadı bahalı şuba geyir, dəyərli sırğaları var. Mənimçün də al!”. Kişi də gedir əlləşir, vuruşur, özünü oda-suya vurur, özünə və ailəsinə ciddi problemlər yaradır, daim zəlalət və əziyyət içərisində yaşayır. 
Məgər sırğayla ölçülür qadının məziyyəti, keyfiyyəti? İnanın ki, boşanmalar da çox hallarda bu səbəbdən olur. Qadın var ailəni ucaldır, kişini ucaldır, qadın var ailəni dağıdır, kişini müflis edir.  Sən əgər cəmiyyətdə ərini hörmətli etmirsənsə, onda sən necə hörmətli ola bilərsən?

Yaponiyada və Amerikada əmək qabiliyyətli qadınların 30-35 faizi işləmir, evdə uşaqları ilə həyat yoldaşının qayğıları, ev təsərrüfatı ilə məşğul olur. Onlarda diqqət yetirsək, imkanlı ailələrdə daha çox uşaq olur. Düşünürəm ki, qadın üçün ən uca vəzifə uca kişinin xanımı olmaqdır, evinin, ailəsinin qayğılarıdır. Mən qadınların vəzifə tutmağının əleyhinə deyiləm. Vəzifəli qadınlar da olmalıdır. Bu gün onlar üçün ölkəmizdə geniş şərait yaradılıb. 2012-ci ilin rəsmi statistikasına əsasən, dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,0 faiz, sahibkarlar arasında isə 17,0 faizdir. Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə parlamentində qadınların xüsusi çəkisi 16,0 faizə çatıb. 

 

Qızlarımız, şirin olun!

 

Ancaq mən bir məsələni də xüsusi qeyd etmək istəyirəm. Günümüzdə boşanmaların bir səbəbi də ifrat ərköyünlük, dözümsüzlükdür, söz götürmürlər, çətinliyə dözmürlər. Ailələrdə 1, 2 uşağın olması da buna rəvac verir. Təəssüf ki, imkanlıların qızları universitetə bahalı maşınlarda, mühafizəçi ilə gəlirlər. O sevgilisinə də bəzən elə sürücüsü kimi baxır və baxacaq da. Deyəcək: “Sən niyə gecikdin, bura gəl, hesabat ver, harada idin? Bu nədir mənə almısan? “Dolce Gabbana” firmasından almalıydın!”. Onu buyuracaq, bunu buyuracaq, bezdirəcək. Gərək ailədə tərbiyə düzgün qurula, yoxsa oğlan və ya qız özündən razı olur, heç kimi bəyənmir və ailə münasibətlərində bu səbəbdən münaqişələr yaranır.  Ağıllı qız qənaətcil olur, ərini sevir, onu qiymətli edir. Bəzi qızlar isə bunun əksini edirlər. Maaş gətirən ərinə xoş söz əvəzinə deyir: “Utanmırsan, bu nə puldur gətirirsən evə?!”. Hər şeyin başında tərbiyə durur. Qızların cəmiyyətdə rolu, yeri layiqincə və çox əhəmiyyətli dəyərləndirilməlidir. Bütün siyasətçilər, QHT-lər, jurnalistlər bu haqda danışmalıdırlar. İnsan öz həyatını özü idarə etməlidir. Mən elə oğlan və qızlar tanıyıram ki, sevgilisiylə hər anını xoş keçirmək əvəzinə heç yerdən problemlər yaradır, özünün və ömür-gün yoldaşının güzəranını zəhərləyir. Həyatın hər anından zövq almaq lazımdır, yaşamaq lazımdır. Azərbaycanlılar “həyat yoldaşı” deyirlər, “sevgilim” sözündən çox “mənim yarım” deyirlər. Görün sözün məna yükü nə qədər böyükdür. Bizdə qədimdə, elə indi də ayıb bilirlər, demirlər “arvadım”, deyirlər “uşaqlarımın anası”. Ailədə hakimiyyət bölgüsü nisbi şeydir, əgər qadın ağıllı söz deyirsə, niyə ona qulaq asmayaq? Evdəki qadın sağlam müxalifətdir. Sənə ciddi, dəyərli irad tutan ən doğma və yaxın adamın olmalıdır. Bu da əlbəttə - həyat yoldaşıdır. İdeal gözəl qadın yoxdur, birinin ayağı, digərinin gözü, birinin burnu, başqasının duruşu gözəl ola bilər. O qədər gözəl olmayıb, şirin, sevilən qızlar var ki. Qadında gözəllik tapmaq lazımdır. Xasiyyət, ailəcanlılıq önəmlidir. Vizual gözəlliyə aldanmaq olmaz.

 

Qız balaları qoruyaq

 

Təəssüf ki, bu gün qızlarımızın bir qismini erkən yaşda, tanımadıqları, onlardan yaşca böyük insanlara ərə verilməsi hallarına da hələ rast gəlinir.  Axı o bilmir ki, ailə nədir, sevgi nədir? Qanunvericilikdə bu kimi hallara qarşı sərt cəzalar nəzərdə tutulub. Lakin məsələ tək qanunvericiliklə bitmir, cəmiyyət özü bu kimi hallara qarşı həssas olmalı, mübarizə aparmalıdır. Qızlarını erkən yaşda ərə verən insanlar cəmiyyətdə güclü qınaqla üzləşməlidirlər ki, belə hallar təkrarlanmasın.

 

Bu gün uşaq evlərindən yaşı 18-i keçən uşaqların, xüsusən qızların gələcək həyatları, təhsilləri, işləri ilə bağlı məsələlər də diqqət mərkəzindədir, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi problemlə bağlı araşdırmalar aparır. Bu yöndə cəmiyyətdə də ciddi narahatlıqlar var. Heydər Əliyev Fondu bu istiqamətdə böyük işlər görür, uşaq evlərindən çıxan qızlar üçün bəzi rayonlarda yataqxanalar tikilib, onların təhsillərinə, işlə təmin olunmalarına diqqət yetirilir. Ancaq bu istiqamətdə Azərbaycanda hələ də boşluqlar var. Hökumət problemin bütövlükdə həlli istiqamətində çalışır.

 

...Boşanmaya çatdırmayaq

 

Ancaq bu gün zərif cinsin nümayəndələri nə dünyada, nə də Azərbaycanda problemlərdən xalidirlər. Ən inkişaf etmiş ölkələrə baxsaq, ABŞ-da hər 3 ailədən 2-si, Böyük Britaniyada hər 3 ailədən biri boşanma ilə nəticələnir. Azərbaycana gəlincə, 2012-ci ildə ölkədə 79,3 min nikah qeydə alınıb.  Bu, 2011-ci illə müqayisədə 8,8 faiz azdır. Boşanmalara gəlincə, 2012-ci ildə 11 min boşanma faktı qeydə alınıb. Bu, 2011-ci illə müqayisədə  0,3 faiz çoxdur.  Ümumiyyətlə, 2012-ci ildə Azərbaycanda 1000 nəfərə  8,6 nikah, 1,2 boşanma düşüb. Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27, qadınlar arasında 23 yaş olub.

 

Biz niyə qadınların problemlərindən danışarkən ilk öncə boşanma məsələsinə diqqət yönəldirik? Çünki boşanma əksər hallarda dırnaqarası kişilərin  ananı uşaqla çölə atması, ailəni tərk etməsi, hətta aliment verməkdən də yayınma ilə müşahidə olunur. Hazırda mövcud məhkəmə qərarlarının icra işlərinin təxminən 1/3-i cəmiyyət üçün həssas məsələ olan uşaqların hüquqlarının qorunması, aliment məsələləri ilə bağlıdır. Məhz buna görə də biz keçən ilin dekabrında Cinayət Məcəlləsinə dəyişiklik etdik. Dəyişiklik aliment ödəməkdən imtina ilə bağlı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutur. Cinayət Məcəlləsinin 176-cı maddəsi məqsədli şəkildə alimenti ödəməkdən boyun qaçıran şəxslərə görə məsuliyyəti nəzərdə tuturdu. Amma bu məsuliyyət həddindən artıq aşağı idi, 6 aylıq azadlıqdan məhrumetməni nəzərdə tuturdu. Amma əvvəlki maddə çıxarılıb, bu məsələlərə Cinayət Məcəlləsinin 306-cı maddəsi tətbiq olunacaq və məhkəmə qərarının icrasından boyun qaçıran şəxslər 3 ilə qədər azadlıqdan məhrum ediləcəklər.

 

Ancaq  məsələ tək alimentlə bitmir. Boşanma zamanı ev, əmlak problemləri ortaya çıxır. Ancaq ailə quran qızlarımız nikah müqaviləsi bağlayarlarsa, öncədən bu kimi problemlər də məhkəmə çəkişmələri zamanı itkisiz öz müsbət həllini tapar. Nikah müqaviləsi bütövlükdə nikah dövründə əmlakın kimin mülkiyyətinə verilməsini, ondan istifadə qaydalarını müəyyənləşdirməyə imkan verir və bu da gələcəkdə yarana biləcək hər hansı mübahisələrin qarşısını alar. Nikah müqaviləsinin əsas məqsədi ər-arvadın əmlakının hüquqi rejiminin müəyyən edilməsidir. Bu əmlak həm müqavilə bağlanarkən mövcud olan, həm də gələcəkdə birgə əldə edilməsi nəzərdə tutulan əmlak ola bilər.

 

Çox mehriban Mehriban xanım


Düşünürəm ki, maarifləndirmə də örnək insanlar xüsusi rol oynayır.Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevadan xüsusi danışmaq istəyirəm. Mehriban xanım elə bir etalondur ki, Azərbaycana həm gözəllik, geyim mədəniyyəti, davranış təcəssümü, həyat yoldaşına qayğı, analıq, nənəlik, həm də ictimai fəaliyyət nümunəsidir. Nə qədər insani keyfiyyətlər bu xanımda cəm olub, birləşib. Görürsünüzmü, heç biri bir-birinə mane olmur.  Mehriban xanım fenomeni Azərbaycan, Şərq, mən deyərdim ki, dünya qadınlarına örnək olmalıdır.  Bu incə xanımın həyatı elə bilməyin ki, daim rahat olub, əziyyətsiz ötüşüb. Ümummilli lider Heydər Əliyevi vəzifədən uzaqlaşdırıblar, İlham Əliyev işsiz qalıb, ailə “opal”da olub. Həmin dövrlərdə Mehriban xanım onlar üçün inam yeri, müsbət enerji mənbəyi olub. Onları ruhdan düşməyə qoymayıb. Ailə ocağını isti saxlayıb, dözümlü olub, bu günkü ucalığa qədər yüksəlib. Bax budur qadının ailədə, cəmiyyətdə rolu və yeri.  Bu gün Mehriban Əliyeva xeyirxahlıq və mərhəmət ünvanıdır. Mehriban xanım talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə sahib durur, sağlamlıq imkanları məhdud və kimsəsiz uşaqlara qayğı göstərir, məhkumlarla bağlı amnistiya aktlarının qəbul edilməsi ilə əlaqədar təşəbbüslərlə çıxış edir. Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Heydər Əliyev Fondunun əməkdaşları qocalar evlərində ahıllara baş çəkir, orucluq bayramında iftar süfrələri açılır. Bu xeyirxahlığın sərhədləri indi ölkəmizin hüdudlarından xeyli kənara aşıb və bununla bağlı bir çox nümunələr qeyd etmək olar. Azərbaycanın birinci xanımının təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda tikilən məktəblərin və təmir edilən uşaq evlərinin sayı xüsusilə diqqət çəkir. Son 5 ildə Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda 400-dən çox məktəb və uşaq bağçası tikilib. Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən  Uşaq evlərinin və internat məktəblərin inkişafı Proqramı çərçivəsində respublikada uşaq müəssisələri əsaslı təmir olunaraq yeni avadanlıqlarla təchiz edilir. Bu, respublikamızda mərhəmət və xeyriyyəçilik fəaliyyəti baxımından ən örnək nümunələr sırasındadır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan xalqının milli mədəniyyətinin inkişafında, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında, mili həqiqətlərimizin dünyaya çatdırılmasında, o cümlədən cəmiyyətdə könüllü sosial müdafiə, xeyriyyəçilik ənənələrinin möhkəmlənməsində müstəsna xidmətləri var. Mehriban Əliyevanın bu sahədə fəaliyyəti dünyada da rəğbətlə qarşılanır. Təsadüfi deyil ki, Mehriban Əliyeva bu gün YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiridir. Azərbaycanın birinci xanımı 2009-cu ildə Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilib. Polşanın ölkəmizdəki səfiri Kşiştof Krayevski də bildirib ki, Azərbaycanın birinci xanımının fəaliyyəti hər kəsə nümunədir. 

Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri Professoru Diplomuna və Xatirə Nişanına da layiq görülüb. Bir zaman təhsil aldığı ali məktəb də məzununun fəaliyyətini qiymətləndirməyi zəruri sayıb.Mehriban Əliyevanın millət vəkili kimi də fəaliyyətini xüsusi qeyd etmək lazımdır.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın fəaliyyəti də örnəkdir. Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq informasiya kampaniyası ciddi nəticə verməkdədir.  “Xocalıya Ədalət” kampaniyası dünyanın bir şəhərlərində keçirilib və bu beynəlxalq informasiya və təşviqat kampaniyası davam etməkdədir. Bir sıra dünya ölkələrinin Xocalı soyqırımını tanımasında bu kampaniya mühüm rol oynayıb.

 

Arxa cəbhəmiz

 

... Kişinin cəmiyyətdəki rolu qadından çox asılıdır. Əgər bir kişinin pencəyi qırışlı, şalvarı ütüsüz, köynəyi çirkli, üzü tüklüdürsə, qalstuku əyri sallanırsa, bunun günahı bir səbəbdən özündədirsə, iki-üç səbəbi onun xanımındadır. Mənim qız nəvələrim qız kimi, gəlin kimi böyüyürlər. Onlar qonaq gələndə qulluq tuturlar, böyük-kiçik yeri bilirlər. Bu gün o nəvələr gələcəyin həyat yoldaşı, ailənin xanımı, oğlan nəvələrim isə kişi kimi, ailə başçısı kimi böyüyürlər. Qaynanaya, baldıza da şirin, sevimli olmaq lazımdır. Həyat yoldaşım Mehriban xanım bizim evə gəlin gələndən anamın bütün paltarlarını, hədiyyələrini özü alar, qulluğunu tutardı. Baxmayaraq ki, anamın iki qızı da var idi. Xanımım qaynanasına necə münasibət göstəribsə, taleyin qismətindən özü də bu cür qayğılarla əhatə olunub. 

 

Qadına gərək hər gün qayğı göstərəsən, təkcə 8 Martda ona ətir almaq, xoş sözlər demək azdır. Mən əleyhinəyəm ki, həmin gün kişi qab yuyur, yemək bişirir, qadın işlərini görür. Bunları qəbul eləmirəm, gülünc məsələdir. Bütövlükdə qadına mənəvi qayğı, diqqət, “mənim balalarımın anası, anamın gəlini, mənim məhəbbətim” kimi xoş sözlər demək önəmli və vacibdir.

 

Mən sonda bütün qadınlarımızı ürəkdən təbrik edirəm. Onlar bizim yaraşığımızdır, arxamızdır, gücümüzdür, əhval-ruhiyyəmizdir. Bir sözlə, cəmiyyətin təməli olan ailənin bünövrəsidirlər,  xanımıdırlar qadınlarımız. Gəlin onları çoxlu-çoxlu sevək, sevək!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1312

Oxşar yazılar