Mətbuat Şurası Gürcüstanda fəaliyyət göstərən jurnalistləri təltif edib.
Şuradan mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Gürcüstanda nəşr olunan Azərbaycan dilli “Region Press” qəzetinin redaktoru Binnət Məmmədov və ATV-nin Gürcüstan üzrə xüsusi müxbiri Nadir Almazoğlu Azərbaycan Mətbuat Şurasının diplomları ilə təltif edilib.
Marneuli Mərkəzi Kitabxanasında təşkil edilmiş tədbirdə diplomları təqdim edən Şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib ki, həm N.Almazoğlu, həm də B.Məmmədov uzun illərdir, media sahəsində səmərəli fəaliyyət göstərməkdədirlər. Bu şəxslərin əməyi Azərbaycan jurnalistikasının inkişafına töhfədir, həmçinin iki qonşu ölkələr arasında münasibətlərin dərinləşməsinə, Azərbaycan və gürcü xalqının bir-birinə daha sıx şəkildə bağlanması istiqamətində həyata keçirilən fəaliyyətə dəstəkdir.
Qeyd edək ki, Əflatun Amaşov Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi Gürcüstanda səfərdədir.