Gürcü şairi Giorgi Kekelidze azərbaycanlı gənclərlə görüşüb
13 iyun 2013 04:51 (UTC +04:00)

Gürcü şairi Giorgi Kekelidze azərbaycanlı gənclərlə görüşüb

İyunun 12-də Tiflisdəki “Müsyö-Jordan” ədəbi kafesində Gürcüstan Milli Kitabxanasının direktoru, gürcü şairi Giorgi Kekelidze ilə azərbaycanlı gənclərin görüşü keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, “Dialoq və İnkişaf Fondu”nun təşkilatçılığı ilə baş tutan görüşü həmin təşkilatın rəhbəri Ramilya Əliyeva açıb. Sonra gürcü şairi Giorgi Kekelidze bədii yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Tədbirdə Marneuli Gənclər Mərkəzinin əməkdaşı Nilufər Qurbanlı, Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrının aktyoru Azər Musaoğlu, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Zillioğlu və başqaları çıxış edərək, belə tədbirlərin keçirilməsinin vacib olduğunu vurğulayıblar.

Tədbirdə gürcü ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Gürcü şairi Giorgi Kekelidze APA-ya açıqlamasında yaradıcılığının Azərbaycanla bağlı olduğunu, şeirlərinin qəzet və jurnallarda dərc olunduğunu və iyunun 5-də  Bakıdakı Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın istedadlı və gənc şairi Mikayıl Müşfiqin doğum gününə həsr olunan və 6 ölkə şairlərinin iştirak etdiyi “Şairlər Günü” tədbirində ona “Mikayıl Müşfiq” mükafatının təqdim olunduğunu bildirib. “Müşfiq Azərbaycanın böyük şairidir. O, repressiya qurbanı olub. İndi onun adına prospekt, heykəl qoyulub. Ədəbiyyat bizim xalqlar arasında dostluq münasibətlərini daha da möhkəm tellərlə birləşdirən və özülü möhkəm olan körpüdür. Fikirləşirəm ki, biz gənclər onu çox sayıq şəkildə qorumalıyıq. Bu, müasir şəraitdə bizim vəzifəmizdir”, deyə Giorgi Kekelidze qeyd edib.  

Qeyd edək ki, Giorgi Kekelidze iki kitab müəllifidir və onun şeirlər kitabı “Saba” mükafatına layiq görülüb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550
avatar

Oxşar yazılar