İlk dəfə onu 2001 ci ildə elə burda ağacın yanında görmüşdüm. O zaman qəddi-qaməti, görünüşü şux olan bu qocanın burda dayanıb dilənməsi mənə qəribə gəlmişdi. Nədənsə onu dilənçiyə bənzətməmişdim.
Sonra onu 12 il içində ardıcıl hər gün görməyə başladım. İllər dəyişdiyi kimi o da dəyişdi. Ayaq üstə dayanmaqdan sanki yorulub yavaş-yavaş yerə doğru əyildi. Əvvəl çiyinləri, sonra ayaqları sözünə baxmadı. Bir vaxt sərv ağacının altında elə sərv kimi dayanan qoca indi elə həmin ağacın altında bükülüb qalmışdı. Səsi də batmışdı. İllərdi dilindən eşitdiyim tək kəlmə isə "Allah kömək edənlərə kömək olsun" idi. Qışın soyuğunda, yayın istisində nə zaman axtarsan, onu burda tapardın. Hər dəfə yanından keçəndə içimdə qəribə bir hiss vardı.
Kiminsə atası, kimsə babası olan bu ahılın burda, qarın-yağışın altında axı nə işi var?
Adı Cavanşirdi, 62 yaşı var. Bakıya Bərdədən gəlib. Neçə il əvvəl gəldiyini isə xatırlamır. Onu nə Bakının özü, nə də rəngli gecə-gündüzü maraqlandırır. Çünki hər şeyi bir rəngdə görür: Qara. Təkcə gözlərində yox, elə həyatında da güvənəcəyi işıq ucu, ağ nöqtəsi yoxdu. Ağ rəngdə olan bu dünyada o hər mənada qaranlıqda yaşayır... Yeni günün başladığını isə gəlini - Məlahət adlandırdığı qadının onu oyadaraq "Dur! İşə getməlisən" deməsindən anlayır. Hər kəs işə gedir. Amma O başqalarından fərqlidi. Elə işinin adı kimi. Dilənmək...
Cavanşir dayı deyir ki, gəliniylə birgə yaşayır: "Paltarımı yuyur, yeməyimi verir".
Amma onu diləndirməsinə də haqq qazandırır: "Neynəsin o yazıq da işləyir, qazanmalıyıq da".
Ahılın dediyinə görə, həyat yoldaşı hələ cavan yaşlarında vəfat edib. Neçə illərdi tək , fiziki-əqli qüsurlu oğlu ilə bərabər yaşayır. Gün ərzində nə qədər qazandığından isə xəbərsizdir. Deyir heç vaxt nə qədər pul yığdığını ona deyən olmayıb, hec özü də maraqlanmayıb: "Nə qədər pul yığırsan gün ərzində? Neynirəm ki, nə bilim nə qədər pul verilər. Aparıram evimizə verirəm. Heç maraqlanmıram da".
Cavanşir kişi qaranlıq gördüyü dünyanın hər üzünü görsə də, yenə yaşadığına şükür edir. Deyir, illərdi eyni yerdə diləndiyindən heç də özünü yalnız hiss etmir, artıq burdan keçən insanlarla da "dostlaşıb": " Burda mənə yaxsı baxırlar, qayğıma qalırlar. Lazım olanda nə istəsəm verirlər".
Sakinlər də onu hər gün burda gördüklərini deyirlər: "Onu hər səhər bura bir qadın gətirir, gecə harasa aparır".
Başqa bir sakin isə bu kişinin Alatavada bir qadınla daxmada yaşadığını deyir: " Deyir gəlinimdi, amma yalan deyir. Qaraçıdır, hər gün bunu diləndirir".
Belə... Müsahibimlə söhbət əsnasında, "bəlkə, səni qocalar evinə aparaq, orda qalarsan, yağışın, qarın soyuğundan uzaq bir yerdə rahat yaşayarsan" təklifini edəndə aldğım cavab məni məyus etdi: "Yox, nə danışırsan? Neynirəm qocalar evini? Burda yaxsıdır mənə elə yaxşı baxırlar ki, burda. Oğlum var, ona kim baxsın bəs? Yeni ildə öz evimə kəndə gedəcəm".
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyir ki, ölkəmizdə ənənəvi qocalar evi olmayıb. Lakin "Sosial xidmət" haqqında qanuna əsasən yeni sosial evlərin, eləcə də özəl qocalar evlərinin tikintisi planlaşdırılır: "Qanun özəl qocalar evlərinin yaranmasına icazə verdi. Gələcəkdə daha imkanlı yaşlı adamlar üçün müasir qocalar evləri olacaq. Həmin evlərdə qocalar xüsusi qulluq görəcəklər. O ki qaldı dilənçiliyə, Azərbaycanda dilənçilik 5 %-dir. Əslində bu gün dilənçilik bir peşəyə çevrilib, dilənçi səviyyəsində yaşayan insan ölkəmizdə yox səviyyədədir".
Məlumat üçün deyim ki, 2013-cü ilin statistik göstəricilərinə görə, əhlinin 4,3 faizini 70 yaş və 70 yaşdan yuxarı ahıllar təşkil edir. 2012-ci ildə Azərbaycanda ahıl insanların sayı 408 min 400 nəfər təşkil edib. 2013-cü ildə isə bu rəqəm 401 min 800 nəfərə enib.
İlahə Vəliyeva, APA TV