Nazirlər Kabineti “İcazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslərin öz əməliyyatlarının uçotunu aparması Qaydaları”nı təsdiqləyib.
Lent.az-ın məlumatına görə, bu qaydalar Gömrük Məcəlləsinə əsasən hazırlanıb və icazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslərin öz əməliyyatlarının uçotunu aparması qaydalarını müəyyən edir.
İcazə sahibi gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə almış şəxs, prosedur sahibi tranzit xüsusi gömrük proseduru istisna olmaqla, digər xüsusi gömrük prosedurunun sahibidir. İcazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslər öz əməliyyatlarının uçotunu aparırlar. Aparılan uçot gömrük orqanları tərəfindən müvafiq gömrük proseduruna, o cümlədən həmin gömrük proseduru altında yerləşdirilmiş malların eyniləşdirilməsinə, onların gömrük statusunun müəyyənləşdirilməsinə və daşınmasına nəzarətin həyata keçirilməsinə imkan yaratmalıdır. Əməliyyatların uçotu kağız üzərində yazılı formada aparılır. Bu Qaydalarda müəyyən edilmiş uçot məlumatları əsasında tərtib edilən əməliyyatların uçotu formaları Dövlət Gömrük Komitəsinin rəsmi internet saytında yerləşdirilir. Uçotun aparılması üçün icazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən bu Qaydalarda nəzərdə tutulan uçot formalarında əməliyyatın yeri, tarixi, təsviri və üzərində əməliyyat aparılmış mallar barədə (xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu, miqdarı, dəyəri, statusu) məlumatla yanaşı, aşağıdakılar da göstərilir:
- icazə sahibi tərəfindən aparılan əməliyyatlar üzrə icazənin nömrəsi və tarixi;
- prosedur sahibi tərəfindən aparılan əməliyyatlar üzrə gömrük bəyannaməsinin nömrəsi, emal əməliyyatı aparıldıqda isə istifadə olunmuş ekvivalent malların, istehsalat tullantılarının, istehsal itkilərinin və mal qalığının miqdarı;
- sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən aparılan əməliyyatlar üzrə həmin şəxslər barədə məlumat, emal əməliyyatı aparıldıqda isə istifadə olunmuş ekvivalent malların, istehsalat tullantılarının, istehsal itkilərinin və mal qalığının miqdarı.
Uçot məlumatlarında qeyd olunan malların miqdarı xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında nəzərdə tutulan ölçü vahidində göstərilir. Bu Qaydalarda göstərilənləri təmin etmək məqsədi ilə icazə sahibi, prosedur sahibi və ya sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslər öz əməliyyatlarının uçotunu onların həyata keçirilməsindən dərhal sonra aparırlar.