“İctimai Televiziyanın Analitik proqramlar departamentinin direktoru Füzuli İsmayılov vəzifəsindən azad oluna bilər”. Bu barədə
Lent.az-a İTV-dəki mənbədən məlumat verilib. Əldə etdiyimiz məlumata görə, F. İsmayılov yaxın vaxtlarda vəzifəsindən azad olunacağı ehtimalının böyük olduğunu bildirib: “Onun aparıcısı olduğu “Yekun" verilişi də özünün xəbəri olmadan əlindən alınıb. Sabah İTV-də iclas keçiriləcək və iclasda bir neçə məsələ müzakirə olunacaq. Ola bilsin ki, sabahkı iclasda Füzuli İsmayılov haqqında da qərar verilsin və o yola salınsın”.
Məsələ ilə bağlı İTV-nin də mövqeyini öyrəndik. Televiziyanın mətbuat xidmətindən Lent.az-a bildirdilər ki, F. İsmayılov hazırda vəzifəsini icra edir: “Başqa heç nə bilmirik”.
Qeyd edək ki, F. İsmayılov Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1996-cı ildən Azərbaycan Dövlət Radiosunda, 1998-ci ildən 2005-ci ilə kimi isə Azərbaycan Televiziyasında işləyib. 2005-ci ildən İctimai Televiziyada müxtəlif vəzifələrdə çalışıb. Tarix üzrə fəlsəfə doktorudur.