16-17 mart tarixlərində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə nazirliyin qurumları arasında stolüstü tennis çempionatı keçirilib.
FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin idman zalında təşkil edilən çempionata 19 komandadan 60-a yaxın idmançı qatılıb. “Dairəvi” sistem üzrə yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.
Beynəlxalq dərəcəli hakim Zaur Mikayılovun baş hakim olduğu çempionatda komanda hesabında birinci yeri Dövlət Yanğından Mühafizə Xidməti (DYMX), ikinci yeri Xüsusi Riskli Xiasetmə Xidməti (XRXX), üçüncü yeri isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (TTNDA) komandası tutub.
Şəxsi göstəricilərə görə birinci yerə Emil Britvin (Mülki müdafiə qoşunları), ikinci yerə Səfər Quliyev (Şimal-qərb Regional Mərkəzi), üçüncü yerə isə Faiq Nəcəfi (FHN Akademiyası) layiq görülüb.
Sonda komanda və şəxsi hesaba görə qalib gələn idmançılara kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.