FHN-nin qurumları “APA Holdinq”i mükafatlandırıb
13 iyul 2018 17:22 (UTC +04:00)

FHN-nin qurumları “APA Holdinq”i mükafatlandırıb

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubu və FHN İşçilərinin Həmkarlar İttifaqı hər il birgə olaraq keçirdiyi beşnövçülük və səmti müəyyən etmə üzrə respublika çempionatları və digər tədbirlər barədə APA İnformasiya Agentliyi, APA TV və Lent.az xəbər saytı vasitəsilə ictimaiyyətə geniş məlumat çatdırılmasına görə “APA Holdinq”i mükafatlandırıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə FHN-nin Mülki Müdafiə Qoşunlarının Qəbələ rayonundakı “N” saylı hərbi hissəsində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında beşnövçülük üzrə keçirilən respublika çempionatının qaliblərinin mükafatlandırılması mərasimi olub.

 

Tədbirdə bildirilib ki, iyulun 9-dan 12-dək keçirilən yarışda nazirliyinin müxtəlif qurumlarını təmsil edən 16 komandanın tərkibində 80 idmançı maneələr zolağı, turnikdə güc çalışmaları, atıcılıq, xilasetmə üzgüçülüyü və dağa dırmanma mərhələləri üzrə bacarığını nümayiş etdirib.

 

Sonra yarışda ilk üç yeri tutan idmançılara və komandalara diplom, kubok, medallar və qiymətli hədiyyələr təqdim olunub. Həmçinin, yarış barədə mətbuatda və televiziyada geniş məlumatların verilməsinə görə “APA Holdinq”ə Fəxri Fərman və qiymətli hədiyyə verilib. Mükafatı FHN-nin İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev və FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov APA-nın bölgə müxbiri Şahnəzər Bəşirova təqdim edib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 464
avatar

Oxşar yazılar