Dekabrın 6-da Fövqəladə Hallar Nazirliyində Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının Rəyasət Heyətinin üzvü, akademik Gennadiy Rodin təmsil olunduğu akademiyanın həqiqi üzvü seçilən fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadəyə diplom və döş nişanını təqdim edib. Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, noyabrın 22-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyası Rəyasət Heyətinin iclası keçirilib. İclasda Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının akademiki Gennadiy Rodinin Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Təbii fəlakətlər və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının müraciəti ilə bağlı məlumatı dinlənilib.
İclasda Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının Bakı şöbəsinin yaradılması, Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyası rəhbərliyinin, həqiqi üzvlərinin seçiilməsi, Akademiya üzvlərinin mükafatlandırılması haqqında qərar qəbul edilib.
AMEA-nın müxbir üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi” kafedrasının müdiri, texnika elmləri doktoru, professor İslam Mustafayev Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Aklademiyasının Bakı şöbəsinin rəhbəri təsdiq olunub.
Tibb üzrə fəlsəfə doktoru, Azərbaycanın əməkdar həkimi, fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova, AMEA-nın müxbir üzvü professor İslam Mustafayev, texnika elmləri doktoru, professor Fuad Hacızadə Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının həqiqi üzvləri seçilib.