Fəaliyyət qabiliyyəti olmayan şəxs necə müəyyən edilir? – QAYDA
06 noyabr 2013 13:27 (UTC +04:00)

Fəaliyyət qabiliyyəti olmayan şəxs necə müəyyən edilir? – QAYDA


Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki prosessual məcəlləsinə görə məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır.

 

Bakı Hüquq Mərkəzinin (BHM) hüquq məsləhətçisi vəkil Dünyamin Novruzov Lent.az-a bildirib ki, bu kateqoriya mülki işlər ümumi məhkəmələrin yurisdiksiyasına aiddir. Ərizə barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxsin yaşayış yeri (daimi qeydiyyatda olduğu) üzrə ümumi məhkəməyə verilir. İşə baxılması müddəti və dövlət rüsumuna gəldikdə isə, qanunvericiliyə əsasən, ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə işə baxılmalı və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Bu cür iddia ərizələrinə görə 10 manat dövlət rüsumu ödənilir. Belə ki, “Dövlət rüsumu haqqında” qanununa əsasən qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrinə görə 10 manat dövlət rüsumu ödənilir: “Bu cür işlər ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. "Mülki prosesdə şəxsin fəaliyyət qabiliyyətli olması prezumpsiyası qüvvədədir. Yəni fəaliyyət qabiliyyəti olmayan hesab edilmə barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi yoxdursa, şəxs fəaliyyət qabiliyyətli sayılır. Buna görə də, ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini təsdiq edən halları sübut etmək vəzifəsi daşıyır. Məhkəmə bu kateqoriya işlərə səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Nəzərə almaq lazımdır ki, qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin iştirakı məcburidir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üzrə işlərdə sübutetmə predmetini, yəni müəyyənləşdirilməli olan faktiki halların dairəsini aşağıdakılar təşkil edir:

 

         - psixi qüsurun mövcudluğu;

 

         - şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən faktlar;

 

         ­- psixi qüsurla şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsi arasında səbəbli əlaqə;

 

         - digər hallar. Məsələn, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxsin ərizəçinin yaxın qohumu (uşaq, valideyn, qardaş- bacı və s.) olması faktı.Zəruri sübut kimi isə, məhkəmə-psixiatriya ekspertizasının rəyi çıxış edir".

 

Vəkil D.Novruzovun sözlərinə görə, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Lakin nəzərə almaq lazımdır ki, qanunvericilik ekspertizanın təyini üçün şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olmasını tələb edir. Ekspertizanın təyini üçün tələb olunan kifayət qədər məlumat dedikdə, şəxsin psixi qüsurunun olmasını ehtimal etməyə imkan verən istənilən informasiya başa düşülür.

         

- tibb müəssisəsinin arayışı;

 

         - psixiatriya dispanserində qeydiyyatda olma barədə arayış;

 

         - xəstəlik tarixçəsindən çıxarış;

 

         - Tibbi-sosial ekspert komissiyasının rəyi (arayışı);

 

         - şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən sübutlar (şahid ifadələri, əvvəllər keçirilmiş məhkəmə-psixiatriya ekspertizalarının rəyləri, istintaq orqanlarının materialları və s.);

         - digər sübutlar.

 

Vəkil qeyd edib ki, əgər məhkəmənin mövqeyinə görə ekspertizanın keçirilməsi üçün kifayət qədər məlumat yoxdursa, onda məhkəmə ekspertizanın keçirilməsindən imtina edə bilər. Bu halda, işə mahiyyəti üzrə baxılacaq və ərizə rədd ediləcəkdir.

 

Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki Məcəllənin 34.2-ci maddəsinə görə fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6777
avatar

Oxşar yazılar