Millət vəkili Fazil Mustafa bu gündən etibarən bəzi jurnalistlərin suallarını “facebook” üzərindən cavablandıracaq. Lent.az-ın məlumatına görə, o bunu “facebook” sosial şəbəkəsində yazıb.
F. Mustafa bildirib ki, bəzi jurnalistlər telefonla onunla müsahibə götürərkən, təhriflərə yol verirlər.
“Mətbuata hər gün müsahibə verirəm. Ona görə yox ki, fikirlərimi, görüşlərimi təbliğ etməyə xüsusi ehtiyacım var. Çünki özüm yazılarla, statuslarla istədiyim münasibəti ortaya qoymağa üstünlük verirəm. Sadəcə müraciət edən jurnalistlərin informasiya hazırlamaq və yaymaq peşə fəaliyyəti olduğundan, buna görə müəyyən məvacib aldıqlarını düşünərək istisnasız olaraq imkan düşdükcə anlayışla qarşılayıram və kimsənin sualını geri çevirmirəm. Ancaq son vaxtlar həqiqətən də qarşılaşdığım ədəbsiz davranışlar, qərəzli və peşəkarlıqdan uzaq münasibətlər bu məsələdə bir az düzəlişlər etməyimə səbəb oldu. Bundan sonra illərlə tanıdığım və peşəkarlığına, obyektivliyinə güvəndiyim jurnalistlər istisna olmaqla, digərləri ilə ancaq “facebook” üzərindən yazılı suallara yazılı cavablar formasında görüşlərimi çatdıracağam. Bu, əlbəttə, digər jurnalistlərə sayğısız münasibətdən qaynaqlanmır, sadəcə bu faydalı peşəyə hörmət gətirməyən bəzi səviyyəsiz insanlarla məqsədyönlü təhriflərə görə vaxt aparıcı müzakirələrə qoşulmamaq üçün bunu edirəm. Yəni telefonla müsahibə verməyi məhdudlaşdırmağı düşünürəm”.