Evi olmadığından teatrda yaşayan 50 ilin sənətkarının HEKAYƏTİ
20 avqust 2013 16:11 (UTC +04:00)

Evi olmadığından teatrda yaşayan 50 ilin sənətkarının HEKAYƏTİ

“Teatrda elə bir sehr var ki, bir dəfə bura gələn bir daha getmir. Guya məzuniyyətdəyik. Amma hamımız burdayıq, teatrsız yaşaya bilmərik”. Bunu Gəncə Dövlət Dram Teatrının aktyorları deyir.

Mən teatrın həyətinə girəndə onlar skamyalarda oturub söhbətləşirdilər. Əslində, hamısının siması mənə tanışıydı. Oynadıqları rolları xatırlayıram. Salamlaşırıq. Məni də söhbətlərinə qatırlar. Teatrın “pianisti” bir-bir məni onlara mənə təqdim edir. Vaqif Şərifov da onların arasındadı. Onu görməyim lap ürəyimcə oldu. Lent.az üçün müsahibə verməyi xahiş edirəm. Amma razı olmur. Teatrın direktoru Əli Qasımovun təkidi ilə sonradan razılaşır. Ə. Qasımov  hətta xidməti otağını da bizə təhvil verib çıxır...

 

***

Azərbaycanın əməkdar artisti V. Şərifov 1960-cı ildən bəri, düz 53 ildir bu sənətdədir. 1967-ci ildə Azərbaycan İncəsənət İnstitutunun rejissor fakültəsini bitirib. 1967-74-cü illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, 1974-77-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, 1977-81-ci illərdə Ağdam Dram Teatrında baş rejissor, 1981-84-cü illərdə Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984-98-ci illərdə həmin teatrda direktor və bədii rəhbər vəzifəsində çalışıb. Respublika teatrlarında 130-a qədər quruluşu olub. Teatr Xadimləri İttifaqının üzvü, "Qızıl Dərviş" mükafatı laureatıdı. “Tərəqqi” medalı ilə təltif olunub. Bu il Gəncədə sənətkarın 70 illik yubileyi keçirililməlidi.

 

Moskva bazarından Gəncə teatrına

 

Həyatını sənətinə qurban verdiyini deyən rejissor söhbətə mərhum həyat yoldaşı Simuzər Namazovadan başladı.

 

 - Simuzər xanım elektrik vurdu, qollarımda can verdi. Onunla Ağdam teatrında tanış olduq, evləndik. Sonra mən ordan qaçdım gəldim Gəncəyə.  O da mənim dalımca gəldi. Altı-yeddi il birlikdə Gəncə teatrında işlədik. Bir övladımız oldu. Xəstəydi uşaq. Simuzər xanımın vəfatından səkkiz il sonra o da rəhmətə getdi. O zamanlar şəhərin lap mərkəzində “qlavnı”da Mərkəzi kitabxananın üstündə evim vardı. O binanın üstündə Simuzər xanımın barelyefi var. Sonra əlim aşağı düşdükcə bu evi satıb daha ucuzunu, ucuzu satıb daha ucuzunu aldım. Beləcə axırda kirələrə düşdüm. İndi də burda qalıram, teatrda. Əli müəllim sağ olsun, burda mənə sığınacaq verib. Teatrda yaşayıram.  Onun vəfatından sonra bir-iki il teatrdan uzaqlaşdım. Küsdüm, baş götürüb getdim Moskvaya. Dedim bəlkə alverlə məşğul olum. Bazar da mənim meydanım deyil axı. Nəysə, başladım alverə. Bazarda təsərrüfat malları satırdım. “Pokrovski” bazasında. Bir gün getdim o bazara. Gördüm hamısı Azərbaycanlıdı. Stolun üstündə qəribə bir meyvə vardı, tanıya bilmədim.  Qurbağaya oxşayırdı. Yaxınlaşdım ki, qardaş, bu nədi? Harada bitir? Dedi, “Gəncə Dövlət Dram Teatrının qabağında!”. Bu sözlər yaman pis tutdu məni. Çox pis tutdu. Heç nə almadım. Kor peşman mindim qatara qayıtdım evə. Bəlkə də pis mənada deməmişdi. Amma o sözlər məni teatra yenidən qaytardı.

 

Tamaşada 40 obraz vardı, 9-un saxladı”

 

- Teatrın sabahı məni çox düşündürür. Görüb götürmüşəm, qızım. Bu gün gənclər yetişir, cavan rejissorlar gəlir. Çox alqışlayıram bunu. Amma bu uşaqların hamısı bir müəllimdən, Yuğ teatrının baş rejissoru, bədii rəhbəri Vaqif İbrahimoğlundan tərbiyə görüblər. Respublikanın bir çox teatrlarına - Qazax, Mingəçevir, Lənkəran, Gəncə  teatrlarına səpələniblər. Bir müəllimdən dərs alıblar deyə hamısı bir-birini təkrarlayır. Bu da tamaşaçılar tərəfindən həzm olunmur. Çox tamaşa qoyublar. Elə olub ki, tamaşaçı yarımçıq çıxıb gedib. Bizim teatrın öz dəsti-xətti, öz tamaşaçısı var. 1895-ci ildən bəri, düz 118 ildir bu teatr fəaliyyət göstərir. Müəyyən şeylər var ki, ondan qaçmaq lazımdı. Baxın, bu gün dəbdə olan Rafaellə Coşqundu. Mən onların bir neçə tamaşasına baxmışam. Şou alınır onlarda, amma teatrda bir şey edə bilmirlər. Gözəl qadın obrazı yaradırlar. Lakin nə qədər qadın paltarı geyinib oynamaq olar? Bununla nəfəs almaq, qidalanmaq olmaz. Bu teatr deyil. Gülüş düşündürücü olmalıdı. Alt qatında daim bir məna yatmalıdı. Hə, bax “Bakılı oğlanları”nın gülüşü düşündürücüdür. Gənclər arasında istedadlıları da var. Məsələn, dörd tamaşa qoyurlar. Üçü ürəyimcə olmasa da, biri ürəyimcədi. İradə Gözəlovanın axırıncı tamaşası “Şah İsmayıl Xətai” oldu. Əli müəllim ilk dəfə o pyesi mənə oxumağa verəndə baxdım, “bunu məndən uzaq elə. Mənim yemim deyil” dedim. Təxminən qırx obraz vardı. Amma bu xanım bu qırx obrazı necə ixtisar elədi, necə qurdusa, doqquz obraz saxladı. Nə gözəl qurmuşdu tamaşanı! Ondan qabaq İlyas Əfəndiyevin “Qərib oğlan” əsərini tamaşaya qoymuşdu. Zay bir şey idi. Heç nəydi haaa! Sonra Qoqolun “Evlənmə” əsəri. Musiqisinin heç dəxli yoxuydu. “Ay lolo” mahnısıyla başlayırdı. Mən həzm edə bilmədim. Elə bilin ki, rus “Arşın mal alan” ı, “Kalinka”yla başlayır. Elə şey olar? Olmaz axı. Üzeyirdən kənara çıxmaz olmaz. İndi mən necə Qoqoldan kənara çıxım?

 

“Ən çox tamaşalar qoyan rejissorlardanam”

 

- Respublikada ən çox tamaşalar qoyan rejissorlardanam. Bunların içində uğurlu və uğursuzu da olub. İlk dəfə 1966-cı ildə diplom işimdən əla qiymət aldım. Ondan sonra mənim ikinci işim İslam İbrahimovun “Anaların divanı” olub. Bir ayağı da şikəstiydi, amma çox intellektual, savadlı adamıydı, İslam müəllim. yaman qorxurdum, söyüşkən adamıydı. Tamaşam başladı. Rəhbər lojasında oturmuşdu. Hə, tamaşa qurtardı. Mən də həyəcandan əsirəm ki, görən bəyənib, ya yox. Qalın da səsiylə, “koppayoğlu yaxşı qoyub tamaşanı” dedi. Ondan sonra bir neçə tamaşalarım oldu.  1983-1997-ci ilə qədər bu teatrda direktor işləmişəm. Ayda iyirmi altı tamaşa oynayırdıq. Bu gün ayda üç tamaşa. Respublikanın teatrları bu gündədir. Belə götürəndə Moskva teatrının tamaşaçısı iyirmi il bundan qabaqkı deyil. Moskvada bir ay qabaqdan bilet tapmaq mümkün olmurdusa, indi bu günə bilet tapa biləcəksən. Ona görə də “teatrın gələcəyi”ni həmişə düşünürəm. Niyə belə oldu? Bizim dövrümüzdə əyləncə çox azıydı. “Hind filmi gəlib” deyəndə bilet almaq üçün növbəyə dururduq. Yadıma gəlir, 1956-ci ildə Rac Kapurun “Avara” filminə qırx üç dəfə baxmışdım. O dövrdə bir kino vardı, bir teatr. Amma bu gün əyləncə mərkəzləri çoxdu. Hər şey var. Oturursan evində bir düymə vasitəsilə futbol da, teatr da, Rafaellə Coşqunla da evinə gəlir. Qəşəng maraqlı tamaşalarımız var. Teatrı bəyənmirlər. Soruşursan axırıncı dəfə nə zaman getmisən teatra? Deyir altmış dördüncü ildə. Deməli bu adam 64-dən bəri teatra getməyib, amma teatr haqqında fikir yürüdür.

 

Gəncədə biletin qiyməti doxsan qəpik olanda, Bakıda əldən iyirmi beş manata alırdılar”

 

- İndiki kinoteatra getməyiblər, böyük ekran görməyiblar. Gəncədə demək olar ki, barmaqla göstəriləcək kinoteatr yoxdu. Bu gün o gənci aparaq kinozala salaq, ekrana gözlərini bərəldib baxacaq. Üzr istəyirəm, insan olur ki, hamama gec-gec gedir. Bir dəfə girəndə də “aaa, bu nə yaxşı şeydi, tez-tez çiməcəm” deyir, amma çimmir. Teatr da elədi. Bir dəfə gəlirlər, bəyənirlər. “Həmişə gələcəm” deyib daha gəlmirlər. Bu gün insanlar səhər yuxudan duranda sadəcə bir şey düşünürlər, mən bu gün çörək pulumu hardan çıxaracam? Qaçır bazara alverə, axşam yorğun evə gəlib televizoru açır. Üç yüz səkkiz kanal var. Açıb birindən kinoya baxır, nəyinə gərəkdi teatra gəlsin. Türk əsərlərini tamaşaya qoymaq yasaq olanda Nailə Muradxanlı “Yad qızı” əsərini səhnələşdirdi. Mən də onu 1981-ci ildə tamaşaya qoydum. İnanın teatrın qapısı, pəncərəsi dağılırdı. Bütün şəhər teatra axışırdı. Elə bir adam olmazdı ki, o tamaşaya baxmamış ola. Nazan rolu Pərvanə xanımın ilk roluydu. On altı yaşında gənc aktrisa o rolu necə oynadı, necə oynadı! Sonra bizi qastrollara dəvət etdilər. Gəncədə biletin qiyməti doxsan qəpik olanda, Bakıda Musiqili Komediyanın yeni binasında əldən iyirmi beş manata alırdılar. Bütün tamaşalarımızda anşlaq olurdu.

 

Teatrdan danışır, siqaretinin birini söndürüb digərini yandırır. Köhnə xatirələri yad etmək deyəsən onu incidir. Teatrın iki üzündən danışır.

 

- Teatrın iki üzü var; görünən və görünməyən. Ümumiyyətlə teatr istedadlılar məkanı olmalıdı. O istedadlılar ki, teatrda çalışırlar, yazırlar o görünən üzüdü. Görünməyən üzü o istedadsızlardı. Bəzən o istedadsız insanlar görünən üzə çox mane olurlar, bəzən də qalib çıxırlar. Teatrda əsgər rejimi olmalıdı. Saat on birdə məşq başlayır, vəssalam. Bundan qırağa çıxmaq olmaz. Mümkün deyil. Bizim teatrda belədi. Amma bəzən görürsən hə, görünməyən tərəf bu qaydaları pozur. Sənətə təsadüfi gələnlər də çox olur. Belələri sona kimi davam edə bilmir. Yarımçıq gedirlər. Teatr fədailər məkanıdır. Minimum maaşla sənətlərini yaşadırlar. Onlar buna alışıb, bununla kifayətləniblər. Mən bir gün bu teatrda olmasam, ürəyim partlayar. Günün iyirmi dörd saatı teatrdayam. Yaşlı nəsildən Ələddinlə mən qalmışam. Qalanları rəhmətə gedib. Bir nəsli yola salmışıq (gülür). O dövrdə onların heç birinin ali savadı olmayıb. Ələddin Abbasovun, Əşrəf  Yusifszadə, Rəmziyə Veysəlovanın ali savadı olmayıb. Onlarda fitri istedad olub və öz üzərlərində çalışıblar. Mənim heç yadımdan çıxmaz Məmmədcəfər vardı, trolleybusda gedə-gedə rollarını əzbərləyirdi. Səhər gəlirdim teatra foyedə məşq edirdilər. İndi rol üzərində çalışan, işləyən yoxdu. Rolların sözlərini burda qrim otağında sürmələrinə qoyub gedirlər evə, səhər gəlib məşq edirlər. O zamanlar Ələddini çox dəvət etdilər Bakıya. Çox aktyorlarımız getdilər, amma o getmədi. Telman Əliyev getdi, Şeyxzamanov getdi, Rzayev getdi, Mehdi Məmmədov, Adil İsgəndərov getdi. Teatr əvvəl olub Bakıda Tənqid Təbliğ teatrı indiki Kukla Teatrının yerində. 1933-cü ildə truppa - Fatma Qədirli, Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadə köçüb Gəncəyə. 38-də Ələddin teatra gəlib. O vaxtdan bəri teatra sədaqətlə qulluq edib. O dövr teatrda qəribə bir şey vardı. Aktyorlar səhnəyə çıxmazdan əvvəlcə kulisdən səsləri gəlirdi, zal bilirdi ki, Bürcəliyev gəlir. Yaxud Abbasov hay-harayla, Məmmədcəfər mahnıyla gəlirdi. “Ay naney, naney” səsi gələndə hamı alqışlayırdı ki, Məmmədcəfər gəlir. Və bu bir rolda, iki rolda yox. Həmişə belə olurdu. 

 

- Sizcə  Gəncə teatr məktəbi kimin adıyla bağlıdı?

 

- Hüseyn Sultanovun. 1958-ci ildə Moskvadan təhsilini bitirəndən sonra burda işləyib. Sonra getdi Gənc Tamaşaçılar teatrına, ordan da Mərkəzi Komitəyə kurator. Bu insan burda çox gözəl təlim-tərbiyə qurmuşdu. Yaxşı repertuar seçimi vardı. Bizdə baş rejissorlar çox olub; Həsənov, Yusif Bağırov. Yusif Bağırov 27 il teatra başçılıq edib. Ondan teatrı mən təhvil almışam. Heç yadımdan çıxmaz Feqeyreydonun “Tülkü və üzüm” təmsili. Orda Ezopu Əşrəf Yusifzadə, Kleyanı həyat yoldaşı Həmidə xanım oynayırdı. Mən o vaxtlar rejissor köməkçisi işləyirdim. Aktyorlara söz verirdim. Artıq kitabı qoymuşdum kənara. Tamaşanı əzbər bilirdim. Bu teatrdan sonra rejissor olmağa həvəs yarandı. O vaxta qədər aktyor olmaq istəyirdim. İnstituta gedəndə aktyor fakültəsinə gedirdim. O vaxt teatrın direktoru Ələkbər Seyidov vardı. Dedi “oğlum, sən get işini rejissorluğa ver. Aktyor olsan rejissor ola bilməzsən. Amma rejissor olsan, aktyor kimi işləyə bilərsən”.

 

 Maraqlıdır ki, Vaqif müəllimin atası Abdulla Şəfiyev də necə deyərlər teatr adamı olub.

 

- Atam uzun müddət kommunist, qəzet redaktoru olub. Sonra onu qəzetdən teatra göndərdilər. Düzdü, pyes də yazmışdı, tamaşası da olmuşdu, amma o teatr adamı deyildi. Mən ailənin tək övladıyam. Bizim evə Səməd Vurğun, Süleyman Rüstəm, Arif Hüseyn, Nazim Hikmət olub. Mən gözümü açıb bunları görmüşəm. Nazim Hikmətlə atamın gözəl dostluğu olub. Onun mənə hədiyyə etdiyi kitabı hələ də saxlayıram. Bir gün Nazim Hikmət həyat yoldaşı Vera xanımla bizə qonaq gəldi. Anam da cürbəcür yeməklər hazırlamışdı. Yeməkdən qabaq Vera xanım mətbəxə keçib qazanlara baxdı. Birdən gördü ki, anam bir az inciyən kimi olub dedi: “İnciməyin, mən baxıram ki, nəyi Nazimin qabağına qoymaq olar, nəyi olmaz”. Gəl sənə Nazimlə bağlı bir hadisə danışım, gül. Nazim Hikmət çimməyi sevməzdi. Bir gün bunun arvadı “döyə-döyə” salır bunu hamama. Arvadı görüb ki, suyun səsi gəlir, elə bilib çimir. Bunun da bir iti vardı. Qapını açıb ki, özü çimmir, itini çimizdirir (gülür).

 

Növbəti siqaretə keçməmiş təklif etdim ki, qalxaq əməkdar artistin yaşadığı, daha doğrusu qaldığı evə baxaq. Düzünə qalsa izin verməyəcəyini düşünürdüm, amma razılaşdı. Pillələri qalxa-qalxa yubileyini də xəbər alıram.

 

- Yetmiş yaşım avqustun on ikisi tamam oldu. Sağ olsun prezidentimiz də bu münasibətlə mənə “Tərəqqi” medalı verdi. Düzü prezident təqaüdü, Xalq artisti adını gözləyirdm, amma olmadı. İcra başçısı deyib ki, oktyabrda yubileyim keçiriləcək.

 

...Vaqif müəllim qaldığı otağa giririk. Pəncərənin önündən asılmış onlarla qalstuk, yüzlərlə pencək, şkaf dolu köynəkləri var. Şkafın üstündəki alışqanlar diqqətimi çəkir. Sən demə bizim rejissor kolleksiya yığırmış. Amma niyəsini demədi...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3101
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar