Tofiq Bəhramov stadionunun arxasındakı meşə zolağına dəmir boruların kimlər tərəfindən basdırıldığı araşdırılır
İyulun 4-də bir sıra kütləvi informasiya vasitələrində Bakı şəhəri, Nərimanov rayonu, Y.Bakuvi küçəsində, Tofiq Bəhramov adına Respublika stadionunun arxasındakı meşə zolağının qırılması və bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilsə də, heç bir tədbirin görülməməsi ilə bağlı yazı dərc olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazirliyə bu ərazidə ağac kəsilməsi ilə bağlı məlumat verilməsi və bunun müqabilində tədbir görülməməsi barədə yazılanların heç bir əsası yoxdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, həmin ərazidə ağac kəsilməsi ilə əlaqədar nazirliyə hər hansı məlumat daxil olmayıb. Bununla belə, yayılmış məlumatın araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində təcili olaraq operativ qrup yaradılıb və mətbuatda adına istinad edilmiş şikayətçi Vaqif Əliyevin araşdırmada iştirakının təmin olunması üçün nazirlik tərəfindən müvafiq mətbuat orqanına müraciət olunub. Lakin həmin şəxsin ünvanının və telefon nömrəsinin yazını dərc etmiş mətbu orqan tərəfindən götürülmədiyi əsas gətirildiyindən şikayətçinin araşdırmada iştirakı mümkün olmayıb.
Nazirliyin əməkdaşları yayılan məlumatla əlaqədar araşdırma aparan bir neçə jurnalistin iştirakı ilə sözügedən əraziyə baxış keçiriblər. Bütün ərazi boyu aparılan araşdırma və yoxlamalar nəticəsində müəyyən edilib ki, həmin ünvanda heç bir ağac kəsilməyib, yalnız bir neçə yerdə dəmir borular basdırılıb. Əraziyə dəmir boruların kimlər tərəfindən basdırılması araşdırılır. Çünki mövcud qanunvericiliklə torpaqlardan istifadə onun mülkiyyətçisi tərəfindən həyata keçirilir və torpaq sahəsinin ayrılması da aidiyyəti qurumların səlahiyyətində olduğundan Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu ünvandakı torpaq sahəsinin kimə ayrılmasından məlumatsızdır. Buna baxmayaraq, ərazidə mövcud olan ağaclar nazirliyin əməkdaşları tərəfindən sayılaraq müvafiq icra orqanlarına təhvil verilib və ərazi nəzarətə götürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, haqsız, yoxlanılmamış faktlar əsasında məlumatların yayılması sadəcə, təəssüf doğurur: “Ağac kəsilməsi barədə məlumat vermiş Vaqif Əliyev adlı şəxsin ünvanının, telefon nömrəsinin mətbu orqan tərəfindən götürülməməsi və anonim zəng əsasında yoxlanılmayıb, qarşı tərəflə dəqiqləşdirilməmiş məlumatın yayılması jurnalistikanın prinsiplərinə nə dərəcədə uyğun gəlir?
Hesab edirik ki, bu cür yazıların mətbuatda yer alması ictimai fikri çaşdırmağa xidmət edir, məqsədli surətdə aidiyyəti olmayan məqamlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bağlanılır, onun adının hallandırılması üçün yerli-yersiz səbəblər axtarılır. Halbuki müəyyən torpaq sahələrində yaşıllıqların çəpərə alınması və tikinti işlərinin aparılması barədə sərəncamlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmir ”.