Azərbaycan turizminin inkişaf tarixində qonaqpərvərlik
11 fevral 2015 10:27 (UTC +04:00)

Azərbaycan turizminin inkişaf tarixində qonaqpərvərlik

 
İlk səyahətlər əsasən ticarət, dini, iqtisadi amillərlə bağlı olmuşdur. İnsanlar yeni yerlər kəşf etmək, görmək, tanımaq, yeni təcrübələr qazanmaq, fərqli insanlar, fərqli mühit, fərqli davranış normaları ilə tanış olmaq, öz mədəniyyətlərini inkişaf etdirmək məqsədilə səyahətlərə çıxmışlar. Qədim Azərbaycan ərazisindən keçən ticarət karvanlarının hərəkəti ilk səyahətlər hesab olunur. Azərbaycanın əlverişli təbii-coğrafi şəraiti, zəngin yeraltı və yerüstü sərvətləri hər bir tarixi dövr üçün aktual qiymətləndirilmişdir. Əvvəla, Şərqlə Qərb arasında körpü rolunu oynaması, zəngin tranzit potensialına malik olması, geostrateji mövqe Azərbaycanın istər-istəməz mühüm ticarət məkanı, əlçatan ölkə və qovşaq olmasına səbəb olurdu. Digər tərəfdən, Azərbaycan Böyük İpək Yolu üzərində yerləşən  mühüm dayanacaq mərkəzi kimi tanınırdı. Qədim atəşpərəstlik məbədləri, xüsusilə uzun illər ərzində zərdüştlərin ibadətgahına çevrilmiş Atəşgaha olunan çoxsaylı ziyarətlər Azərbaycanda inanc turizminin əsası hesab olunur. Həmçinin, təbii sərvətlər, “qara qızıl”la zəngin torpaqlar ölkəmizə marağı daha da artırırdı. Bütün bu sadalananlar hələ qədim dövrlərdən bəri Azərbaycanı səyyah və tüccarlar, müxtəlif təbəqədən olan insanlar  üçün cəlbedici edirdi. Bu tarixi ənənə əsrlər boyu davam etmişdir. Sovet dönəmində də Azərbaycan turizm potensialı yetərli respublika olsa da bundan istifadə edilməmişdir.
Eyni zamanda tarixən milli mentalitetimizə xas olan qonaqpərvərlik müəyyən mənada turizmdən faydalanma imkanlarımıza əngəl törətmişdir. Belə ki, milli şüurumuzda əksini tapmış “əvəzsiz xidmət” prinsipi turizmdən mənfəət naminə deyil, gələn qonaqların rifahı naminə istifadəyə yönəlmişdir. Yəni Azərbaycan daha çox istifadə edilən tərəf qismində çıxış etmişdir.  Bu isə turizmin inkişafına əks göstəricidir. Unutmaq olmaz ki, turizm əlverişli biznes növüdür. Turizm üzrə qabaqcıl olan ölkələrin təcrübəsinə nəzər yetirsək, bu ölkələrdə turizmin daha çox iqtisadi mənafeyə xidmət etdiyini görərik. Ola bilsin ki, ölkə mentaliteti səxavət və qonaqpərvərlik kimi keyfiyyətlərdən uzaqdır, lakin turizm potensialı onu başlıca kurort zonasına çevirir. Məhz bu problemdən doğan səbəbdir ki, Azərbaycan turizm ölkəsi kimi tanınmır və  bu sahədə ölkəmizin inkişaf tarixini əks etdirən baza demək olar ki, yox dərəcəsindədir.  Bunun üçün, ilk növbədə, lazım olan “qızıl orta”nı müəyyənləşdirməkdir. Turist xidmətləri, ölkəmizə gələn qonaqlar üçün qiymət tarifi dəqiq müəyyənləşməli, aşağı, yaxud ifrat qiymətləndirmə tətbiq olunmamalıdır. Yəni bizə turist lazımdır, istər yerli, istərsə də xarici. Bu, həm  ölkəmizin daha yaxşı, real şəkildə tanınması, həm də iqtisadi gəlirə yararlı xidmət üçün  nəzərdə tutulmalıdır. Turistin ölkəmizdə qarşılaşdığı ab-hava, xoş təəsürat, qonaqpərvərlik, humanistlik isə turistin davamlı gediş-gəlişinə imkan yaratmalıdır.
Nailə Məmmədova
Azerbaijan Realities
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Oxşar yazılar