Prezident İlham Əliyev sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında fərman verib.
Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, fərmana əsasən, “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası” təsdiq edilib.
Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı işlərin həyata keçirilməsinə nəzarət etmək məqsədilə aşağıdakı tərkibdə Texniki Şura yaradılıb:
Şuranın sədri
Azərbaycan Respublikasının Energetika Nazirliyinin nümayəndəsi
Şuranın üzvləri:
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi;
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi;
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi;
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi;
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin nümayəndəsi;
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin nümayəndəsi;
yerli icra hakimiyyəti orqanlarının nümayəndələri.
Müəyyən edilib ki, sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı müraciətlər “ASAN Kommunal” mərkəzləri (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda – bu mərkəzlər yaradılanadək “ASAN Xidmət” mərkəzləri) vasitəsilə həyata keçirilir;
Texniki Şuranın fəaliyyəti müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə və göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə innovasiyaların tətbiqi yolu ilə “ASAN Xidmət” mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında təşkil edilir;
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri yalnız müvafiq inzibati ərazi vahidləri üzrə “ASAN Kommunal” mərkəzlərində (“ASAN Kommunal” mərkəzləri yaradılmayan regionlarda – bu mərkəzlər yaradılanadək “ASAN Xidmət” mərkəzlərində) yaradılmış Texniki Şuranın tərkibinə daxil edilirlər.