Emin Həsənli: “Qarabağ veteranlarının övladları keyfiyyətli təhsildən kənarda qalırlar”
14 iyun 2013 14:04 (UTC +04:00)

Emin Həsənli: “Qarabağ veteranlarının övladları keyfiyyətli təhsildən kənarda qalırlar”

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi (TOHGMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Əlil, veteran və şəhid ailələrinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən siyasətinin təbliği” adlı layihəsi çərçivəsində tədbir keçirib.

Lent.az-ın verdiyi məlumata görə, TOHGMİB sədri Emin Həsənli  müstəqilliyimizin təmin olunmasında, dövlətimizin qorunmasında şəhidlərimizin, Qarabağ əlillərinin, müharibə veteranlarının xüsusi rolu olduğunu bildirib.

Şəhidlərin hər zaman  ən yüksək zirvədə dayandığını vurğulayan Emin Həsənli deyib ki, həssas təbəqə sayılan fiziki cəhətdən qüsurlu insanlara qayğı göstərmək həm cəmiyyətin, həm də dövlətin başlıca vəzifəsidir. Onun sözlərinə görə, xüsusən də vətən naminə canından keçən, onun uğrunda mübarizə aparan qəhrəmanlarımızın, onların ailə üzvlərinin diqqətdə saxlanması ən vacib şərtlərdəndir: “Ölkə rəhbəri daim bu kateqoriyadan olan insanların sosial təminatlarının yaxşılaşdırılması istiqamətində lazımi tədbirlər həyata keçirir. Bu proses bir neçə ildir ki, uğurla davam edir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi, bu kateqoriyadan olan insanların avtomobillərlə təmin olunması bunun əyani təsdiqidir”.

Qarabağ müharibəsi iştirakçılarının bəzən müəyyən problemlərlə rastlaşdığı söyləyən Emin Həsənli bu istiqamətdə hərbi yönümlü təşkilatların bir sıra tədbirlər gördüyünü qeyd edib: “Yaxın vaxtlarda belə insanların problemləri öz həllini tapacaq. Zamanında sənədləşdirmənin aparılmaması, arxivin olmaması səbəbindən döyüşən insanlarımız bir çox problemlərlə rastlaşır ki, bu da narazılığa gətirib çıxarır. Bu gün hərbi yönümlü QHT-lərin əsas işlərindən biri yaranmış problemlərin həllinə kömək etməkdir. Əsasən ehtiyatda olan zabitlərin, veteranların, əlillərin hospitalda tam müayinə və müalicə olunması üçün şərait yaradılmasında lazımi köməkliyi etmişik. Bu insanların bir neçəsi Türkiyədə Gülhanə Hərbi Tibb Akademiyasında müalicə olunub. Bu işdə də bizim müəyyən köməkliyimiz olub. Dövlətin dəstəyilə hər il yüzdən artıq Qarabağ əlilinin, şəhid ailəsinin xarici ölkələrdə müalicəsi təmin olunur. Çalışırıq ki, dövlət Gülhanəyə müalicə üçün gedə biləcək insanların sayını artırsın, ehtiyatda olan zabitlərin böyük əksəriyyəti müalicə ala bilsin”.

Emin Həsənli Qarabağ əlilləri, şəhid ailələrinin hüquqşünaslarla təmin olunmasına da ehtiyac olduğunu bildirib: “Bəzən bu insanların problemlərinin həll olunmaması onların məhkəməyə qədər müraciət etməsinə gətirib çıxarır və onlar bu zaman özlərinə vəkil axtarmaq məcburiyyətində qalır. Hərbi yönümlü təşkilatlar bu məsələdə də müəyyən tədbirlər görərək onların vəkillə təmin olunmasına çalışır”.

O, bu kateqoriyadan olan insanların övladlarının təhsil probleminə də toxunub: “Bəzi ailələr, xüsusən də Bakıda yaşayanlar övladlarını xüsusi kurslarda, və ya müəllim yanında fərdi olaraq hazırlaşdırır. Lakin müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin, orduda xidmət edən zabitlərin övladları keyfiyyətli təhsildən kənarda qalırlar. Təəssüflər olsun ki, bu, günümüzün reallığıdır, bundan qaçmaq olmaz. Hesab edirəm ki, gələcəkdə bir mərkəz yaradaraq bu kateqoriyadan olan insanların övladlarının keyfiyyətli təhsil ala bilməsini təmin etmək olar. Bununla bağlı aidiyyatı dövlət orqanları ilə müəyyən danışıqlarımız olub. Yaxın zamanlarda belə bir mərkəzin açılışına nail olacağıq. Digər bir təklifimiz də 18 yaşadək uşaqlara verilən müavinətlərdə yaş həddinin 25-ə qədər artırılmasıdır. 18 yaşdan sonra uşaqların bir qismi tələbə, bir qismi əsgər olur və bu müddətdə onların əmək fəaliyyəti olmadığından maddi problemləri ola bilər. Əgər qeyd olunan yaşa qədər müavinətlər uzadılarsa, bu da müəyyən qədər öz müsbət təsirini göstərə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 613
avatar

Oxşar yazılar