“Krokus Siti” şirkətlər qrupunun vitse-prezidenti Emin Ağalarov “Fraufluger” jurnalına müsahibə verib. Lent.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Ağalarov müsahibəsində ailə biznesindən, səhnə karyerasından və evliliyindən danışıb.
- Duet haqqında düşünürsüz? Siz, məsələn, Cenifer Lopezlə bir neçə ildir ki, bir-birinizi tanıyırsınız.
- Burda mühüm bir məqam var. Uyğun mahnı olmadan duet yazmaq axmaqlıqdır, çünki o hit olmayacaq. Boş yerə atəş açmaq istəmirəm. Əgər mənim yaxşı mahnım olacaqsa, arzuolunandır ki, onu özüm bəstələyim və hesab etsəm ki, mahnı mənim tanışlarımdan biri ilə duet ifa etmək üçün uyğundur təklif edə bilərəm. Hələ ki, bu haqda düşünmürəm. Mənim Müslüm Maqomayevlə duetim var və mənə elə gəlir ki, bundan aşağı statuslu bir şey etməməliyəm.
- Sizin evlilik statusunuz çoxlarına rahatlıq vermir. Adınızı axtarışa verəndə, artıq üçüncü sətirdə yazılır: “Emin Ağalarov boşanır”. Bu, sizin pərəstişkarların təxəyyülünün məhsuludur, yoxsa şayiədir?
- Birincisi, şayiələrə inanmayın. İkincisi mənə elə gəlir ki, istənilən yaradıcı insanın yanında hər zaman hadisələri uyduran insanlar olur. Mən həyat yoldaşımla vaxtımızın çox hissəsini başqa-başqa şəhərlərdə yaşayırıq. Ola bilsin ki, bu səbəbdən belə şayiələr yayılır. Hələ ki, bunun üçün zəmin görmürəm. O, uşaqlarla birgə Londonda, mən isə Moskvadayam. Hər həftə ailəmi, uşaqlarımı görmək üçün ora uçuram. Bu, mənim üçün mühümdür. Yoldaşım artıq iki - rus və ingilis dillərində çıxan “Baku” jurnalının buraxılışı ilə məşğuldur. Aktiv ictimai fəaliyyətdədir. O da mənim kimi çox məşğuldur.
- Boş vaxtlarınızda nə ilə məşğulsuz?
- Motosikletlə, aeroxizəklə, velosiped, boks, futbolla. İlin müxtəlif vaxtlarında, idmanın müxtəlif növləri ilə. Bir az oxuyuram, bir az da kinonu sevirəm. Öz iPad-imi sevirəm, bəzən, hətta oyun da oynayıram.
- Ümumiyyətlə, bəzən telefonu söndürüb uzaq bir adaya getmək istəyirsiniz heç?
- Mən telefonumu söndürə bilmərəm, həm də musiqi fəaliyyətimlə bağlı. Mənim komandam Amerikada, İngiltərədə, Moskvada müxtəlif saat qurşaqlarındadırlar. Gecənin bir yarısı kim isə zəng edə bilər, proses daim qaynayır. Bizim bir ingilis filmi üçün iki sinqlımızı sifariş ediblər.
- Adını sirr saxlayırsız?
- Bəli, lakin deyə bilərəm ki, bizə böyük kinonun ingilis prodüserləri diqqət yetiriblər, bütün dünyada yayılacaq. Əvvəlcə bir mahnı sifariş etdilər, çox uğurlu alındı. Daha sonra eyni film üçün ikincini sifariş etdilər.
- Uşaqlarınız üçün hansı taleni istəyirsiz - yaradıcılıq yoxsa biznes?
- Xoşbəxt və özlərini reallaşdırmaq istədikləri sahədə. Uşaqları xoşlamadıqları halda biznes yaxud musiqi ilə məşğul olmağa məcbur etmək axmaqlıqdır. Xatırlayıram, anam uşaqlıqda məni musiqi ilə məşğul olmağa məcbur edirdi, mən isə skripkanın tellərini qırırdım, dərslərə getmirdim. Eyni şey oxumağa da aid idi. Özüm bunların mənə lazım olduğuna qərar verənə kimi bu iki şeyə nifrət edirdim. Bizneslə məşğul olmağa məni heç kim məcbur etməyib. Sadəcə atam məsləhət görüb ki, biznes təhsili alım. Lakin uşaqlarım mənim işlərimi davam etdirsələr, şad olaram.