Azərbaycan qanunvericiliyində ianələrə, o cümlədən məscidlərin nəzir qutularına nəzarət məsələsi nəzərdə tutulmayıb.
APA-nın xəbərinə görə, bunu 1 illik fəaliyyətinin yekunları ilə əlaqədar jurnalistlərlə görüşən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov bildirib.
Onun sözlərinə görə, nəzir qutularına nəzarət vəzifəsi dini icmaların üzərindədir: “Dini icmalar ianələrin xərclənməsindəki şəffaflığı təmin etməli, vətəndaşların etibarından sui-istifadə hallarına yol verməməlidir”.
E.İskəndərov təəssüflə qeyd edib ki, son vaxtlar bununla bağlı DQİDK-ə çoxsaylı şikayətlər daxil olur: “Şikayətlərdə bildirilir ki, bəzi dini icmalar əldə olunan gəliri mənimsəyir və ya təyinatı üzrə xərcləmir, etibardan sui-istifadə etməklə varislik prinsipini pozur və vətəndaşların əmlakını ələ keçirirlər. Hesab edirəm ki, bu kimi hallarda dövlətin müdaxiləsi vacibdir. Yəni hər hansı vətəndaşın əmlakı fırıldaqçılıq yolu ilə ələ keçirilibsə, zərərçəkən şəxs mütləq məhkəməyə müraciət etməlidir”.
Komitə sədri DQİDK-nın dini icmalara ianələrin şəffaflığının təmin olunması ilə bağlı təkliflər hazırladığını vurğulayıb.