Nazirlər Kabineti “Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nı təsdiqləyb.
Lent.az-ın verdiyi məlumata görə, qaydalar ölkə prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın icrasına dair Tədbirlər Planı”nın icrası məqsədi ilə hazırlanıb və elmi müəssisələrdə çalışan elmi işçilərin attestasiyasının aparılması qaydalarını müəyyən edir.
Attestasiya elmi işçilərin tutduqları vəzifələrə uyğunluğunu araşdırmaq məqsədi ilə peşəkar fəaliyyətin qiymətləndirilməsi əsasında aparılır və elmi işçilərin tədris və yaradıcılıq imkanlarının səmərəli istifadəsinə, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, kadrların seçilməsinin, hazırlanmasının və yerləşdirilməsinin optimallaşdırılmasına, elmi işçilərin mənəvi və maddi maraqlarının yüksəldilməsinə yönəldilir. İşəgötürənin əmri (sərəncamı) ilə elmi işçilərin attestasiyasının keçirilməsi üçün elmi müəssisədə tərkibinə komissiyanın sədri, katib, yüksək ixtisaslı elmi işçilərdən, təşkilatdakı elmi şura üzvlərindən, həmkarlar ittifaqı təşkilatından, kadr və hüquqi xidmətdən seçilmiş, obyektivliyi və qərəzsizliyi ilə fərqlənən nüfuzlu şəxslər daxil olan attestasiya komissiyası yaradılır. Komissiyanın işçi tərkibi işəgötürən tərəfindən təsdiq edilir. İşəgötürən, elmi işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla, bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Komissiya formalaşan zaman konfliktlər, maraqların toqquşması nəzərə alınmalı və bu faktorların qəbul ediləcək qərara təsirinə imkan verilməməlidir. Attestasiya komissiyalarının iclasları zərurət yarandıqda keçirilir.
Attestasiya elmi işçinin lazımi bilik və ixtisas səviyyəsi, əldə etdiyi nəticələrin obyektiv və hərtərəfli qiymətləndirilməsi əsasında aparılır. Bu zaman elmi işçinin tutduğu vəzifənin səciyyəvi xüsusiyyətlərini, bu vəzifənin tələblərini və öhdəliklərini yerinə yetirə bilmək qabiliyyəti nəzərə alınmalıdır. Attestasiya komissiyalarının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır. Attestasiyanın keçirilmə qrafiki və attestasiyadan keçəcək elmi işçilərin siyahısı növbəti attestasiyanın keçiriləcəyi təqvim ili başlayana qədər işəgötürən tərəfindən təsdiq edilir və attestasiyanın başlamasına ən geci 1 ay qalmış attestasiyadan keçəcək elmi işçilərin nəzərinə çatdırılır. Attestasiyanın keçirilmə qrafikində attestasiyadan keçəcək şəxsin adı, soyadı, atasının adı, vəzifəsi, attestasiyanın tarixi, vaxtı və yeri qeyd edilir.
Attestasiyanın keçirilməsinə iki həftə qalmış elmi işçi ilkin attestasiyadan (ilk attestasiyadırsa, işə qəbul olunduğu tarixdən etibarən) sonrakı dövrə aid və yaxud attestasiyanın əhatə etdiyi dövrə dair aşağıdakı materialları attestasiya komissiyasına təqdim etməlidir:
-ixtisası və tutduğu vəzifə üzrə elmi əsərlərinin siyahısı, o cümlədən monoqrafiya və monoqrafiyaların hissələrinin adları;
- resenziyalı jurnallarda, elmi məcmuələrdə, elmi dövri mətbuatda, elmi tədbirlərin nəşrində, qeydiyyatdan keçmiş elmi elektron nəşrlərdə dərc edilmiş materiallar;
- patentlərin sənədləri;
- elmi-kütləvi kitabları və məqalələri;
- peşə məsələlərinə dair digər nəşrlərinin siyahısı;
- iştirak etdiyi qrantların, elmi müqavilələrin, konfransların və sazişlərin siyahısı (konkret rolu göstərilməklə);
- tətbiq edilmiş elmi işlərinin siyahısı;
- elmi tədbirlərdə (qurultaylarda, konfranslarda, simpoziumlarda və s.) məruzəsinin statusu (dəvətli, plenar, bölmə, stend) və tədbirin səviyyəsi (beynəlxalq, respublika, regional) göstərilməklə iştirakı haqqında məlumat;
- elmi tədbirlərin hazırlanmasında və keçirilməsində iştirakı haqqında məlumat;
- pedaqoji fəaliyyəti (mühazirə kurslarının oxunması, seminarların keçirilməsi və doktorantlara rəhbərliyi) haqqında məlumatlar;
- elmi və pedaqoji fəaliyyətə görə mükafat və təltifləri haqqında məlumat;
- elmi jurnallarda redaksiya heyətinin və Dissertasiya Şurasının üzvü olması, fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarına opponentliyi haqqında məlumat.
Elmi işçinin attestasiya komissiyasına təqdim etdiyi məlumatlar attestasiya keçirilən müəssisənin elmi katibi və ya digər müvafiq vəzifəli şəxsi tərəfindən yoxlanılıb təsdiq edilir. Elmi işçinin vəzifəsini yerinə yetirməsi barədə onun işlədiyi struktur bölmənin rəhbəri tərəfindən təsdiq edilmiş rəy və xasiyyətnamə attestasiya komissiyasına təqdim olunur. Rəydə attestasiya olunan şəxsin peşəkar, işgüzar və şəxsi keyfiyyətlərinin, həmçinin elmi fəaliyyətinin nəticələrinin əsaslandırılmış formada qiymətləndirilməsi əks etdirilməlidir. Hər növbəti attestasiya zamanı elmi işçinin əvvəlki attestasiyasının nəticələri qeyd olunmuş attestasiya vərəqəsi attestasiya komissiyasına təqdim edilir. Attestasiyadan bir həftə əvvəl attestasiya komissiyasının katibi attestasiya olunan elmi işçi barədə attestasiya komissiyasına təqdim olunmuş rəy, xasiyyətnamə və digər sənədlərlə attestasiya olunan elmi işçini rəsmi qaydada tanış etməlidir.
Attestasiya olunan elmi işçi attestasiya komissiyasına şəxsi təşəbbüsü ilə öz peşəkar fəaliyyəti barədə əlavə materiallar, həmçinin attestasiya komissiyasına təqdim olunan materiallarla razı olmadığı haqqında ərizə və ya izahat təqdim edə bilər. Ərizə və ya izahat attestasiya işinə əlavə edilir və attestasiya komissiyası tərəfindən araşdırılıb rəy verilir. Attestasiya elmi işçinin attestasiya komissiyasının iclasına dəvət olunması ilə keçirilir. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsində suallar verilir. Attestasiya olunan elmi işçinin yalnız siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir.
Elmi işçi üzrlü səbəbdən (müvəqqəti əmək qabiliyyətinin itirilməsi, ödənişli və ödənişsiz məzuniyyətlərdə olması, xidməti ezamiyyətdə olması və digər üzrlü səbəblərlə əlaqədar) attestasiya komissiyasının iclasına gəlmədikdə, müvafiq sənədlər əsasında sonradan təsdiq edilmiş qrafikə uyğun olaraq attestasiyadan keçirilir. Attestasiya komissiyası üzvlərinin üçdə ikisi iştirak etdikdə, iclas keçirməyə səlahiyyətli sayılır. Attestasiya komissiyası açıq səsvermə yolu və səs çoxluğu ilə qərar qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Attestasiya komissiyası üzvü olan elmi işçilərin attestasiyası işlədikləri bölmələrin kollektivləri ilə birgə aparılır. Bu zaman attestasiyadan keçən attestasiya komissiyasının üzvü səsvermədə iştirak etmir.
Elmi işçinin attestasiyasının nəticələrinə əsasən, attestasiya komissiyası tərəfindən aşağıdakı qərarlardan biri qəbul edilir:
- tutduğu vəzifəyə uyğundur;
- tutduğu vəzifəyə uyğun deyildir.
Qərarda attestasiya olunan elmi işçinin fəaliyyətinin müsbət və mənfi tərəfləri, onun üstün və ya çatışmayan xüsusiyyətləri, gələcək peşəkar fəaliyyətinə dair əsaslandırılmış tövsiyələr qeyd edilir. Elmi işçilərin tutduqları vəzifələrə uyğun olduqlarını araşdırmaq məqsədi ilə keçirilən attestasiyada aşağıdakı göstəricilər qiymətləndirilməli və nəzərə alınmalıdır:
- elmi işçilərin ilkin attestasiyadan sonrakı dövrdə xidməti vəzifəsinin və elmi fəaliyyətinin nəticələri;
- elmin müvafiq sahəsi üzrə elmi məsələlərin həllində şəxsi iştirakı və verdiyi töhfələri;
- informasiya və kommunikasiya texnologiyaları ilə işləmək bacarığı;
- təşkilatçılıq və idarəçilik, kollektivi səfərbər etmək və istiqamətləndirmək bacarığı, liderlik və ünsiyyət yaratmaq keyfiyyətləri (idarə, təşkilat rəhbərləri və onların müavinləri üçün).
Əmək Məcəlləsinin 66-cı maddəsində göstərilən işçilər istisna olmaqla, qalan bütün işçilərin attestasiyası aparılır. Hər bir elmi işçi üç ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilir. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları"na əlavə edilmiş formaya uyğun nüsxədə tərtib olunan attestasiya vərəqəsinə yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır. Attestasiya komissiyası hər elmi işçi üçün attestasiya vərəqəsi doldurur. Attestasiya vərəqəsi elmi işçinin şəxsi işində saxlanılır. Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiyanın iclasından sonra elan edilir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, elmi işçilərin attestasiyasının nəticələri haqqında materiallar qərar qəbul etmək üçün attestasiya keçirildikdən sonra 5 iş günündən gec olmayaraq elmi müəssisənin rəhbərinə təqdim edilir. Təqdim edilmiş attestasiya materialları əsasında elmi müəssisənin rəhbəri və ya onun vəzifəsini icra edən tərəfindən 30 təqvim günü müddətində müvafiq qərar qəbul edilməlidir. Bu müddət keçdikdən sonra attestasiyanın nəticələrinə əsasən, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.
Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə uyğun olaraq, həmçinin həmin Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə, işəgötürən tərəfindən ləğv edilir. İşəgötürən attestasiya komissiyasının tövsiyəsini nəzərə alaraq, elmi işçinin razılığı ilə onu başqa müvafiq işə və vəzifəyə (peşəyə) keçirir. Elmi işçilərin attestasiyasının keçirilməsinin digər şərtləri Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq tənzimlənir.