Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə ölkəmizə gələn Bolqarıstanın üç universitetinin rektorlarından ibarət nümayəndə heyəti (“Professor Doktor Assen Zlatarov” Universiteti- rektor professor Petko Petkov, Qabrovo Texniki Universiteti- rektor Rayço İlarianov və Sofiya Texniki Universiteti - prorektor İvan Kralov) və Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maya Hristova adı çəkilən məktəbdə olublar. Bu barədə Lent. az-a ali məktəbdən məlumat verilib.
Qonaqları görməkdən məmnunluğunu vurğulayan rektor Azərbaycan və Bolqarıstan arasında hər zaman isti və dost münasibətin olduğunu bildirib. O, qeyd edib ki, bu gün də dövlət rəhbərlərinin həyata keçirdikləri siyasətin nəticəsi olaraq, ölkələrimiz arasında olan siyasi, iqtisadi və digər əlaqələr günü-gündən inkişaf etməkdədir.
Görüşdə Bolqarıstanın ölkəmizdəki səfiri rektor E.Qasımova bu səfəri təşkil etdiyi üçün öz minnətdarlığını bildirib. O, qeyd edib ki, Bakı Ali Neft Məktəbi yeni yaradılmasına baxmayaraq, qısa müddət ərzində yüksək nailiyyətlər əldə edib.
Rektorlar BANM ilə bir çox sahələrdə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər.
Tədbirin sonunda E. Qasımov və Bolqarıstanın 3 ali məktəbi arasında “Anlaşma Memorandumu” imzalanıb.