Son illərdə respublikada əlilliyin artım tempinin qarşısı alınıb. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 2012-ci ildə reabilitasiya göstəricisi 3,5 faiz olmaqla, tam reabilitasiya olunanların sayı 6 952 nəfər təşkil edib. Nazirliyin 14 regional bərpa-müalicə müəssisəsində ötən il 10 min nəfərdən artıq əlilə bərpa-müalicə xidməti göstərilib, il ərzində əlillərə 1839 ədəd texniki reabilitasiya vasitəsi, o cümlədən əlil arabaları, eşitmə aparatı və s. verilib. Ümumilikdə, 2003-cü ildən bəri 7 849 əlil arabası əlilliyi olan şəxslərə verilib.
Ötən il ərzində 83 nəfər əlilin Ukrayna və Bolqarıstanda, 153 nəfər əlilin Naftalan şəhərindəki müalicə mərkəzində bərpa müalicəsi, 1056 nəfər əlilin ölkənin müxtəlif bölgələrində yerləşən istirahət zonalarında istirahəti təşkil edilib. 145 nəfər istedadlı əlilin VIII Respublika yaradıcılıq sərgi-müsabiqəsində iştirakı və onlardan 30 nəfərin mükafatlandırılması, Səhiyyə Nazirliyindəki müvafiq Komissiyanın qərarı əsasında 53 nəfərin ölkə daxilində, 25 nəfərin xarici ölkələrdə müalicəsinə maddi köməklik göstərilməsi təmin edilib.