Bu ilin birinci rübündə əlillik təyinatı və tibbi-sosial reabilitasiya məsələləri ilə bağlı vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Qaynar xətt”inə edilən müraciətlərin sayı 68 faiz azalıb. ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə nazirliyin 142 - “Qaynar xətt”inə müraciət edənlərin sayı 115-ə enib.
Həmçinin məşğulluq məsələləri üzrə müraciətlərin sayı 50 faiz azalaraq 40-a, əmək hüquqlarının təminatı məsələləri üzrə müraciətlərin sayı 63,5 faiz azalaraq 42-yə düşüb. Bu dövrdə ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət məsələləri üzrə “Qaynar xətt”ə 1069 müraciət daxil olub ki, bu da ötən ilin ilk rübündə olduğundan 25 faiz azdır.
Nazirliyin 142 - “Qaynar xətt”inə daxil olan müraciətlərin ümumi sayında isə azalma 36,1 faiz təşkil edib. Müraciətlərin əksər qismi sorğu xarakteri daşıyıb və hər bir müraciət nazirliyin aidiyyatı mütəxəssislərinin iştirakı ilə obyektiv araşdırılaraq müvafiq tədbirlər görülüb.