Ələddin Abbasov: ”Məmurların xalq artistinə münasibəti budur ”
19 avqust 2013 17:11 (UTC +04:00)

Ələddin Abbasov: ”Məmurların xalq artistinə münasibəti budur ”

“Atamın 90 illik yubileyi tədbirində Gəncənin icra başçısı Elmar Vəliyev o qədər adamın qarşısında ona iki otaqlı mənzil verdiyini dedi. İndi problem odur ki, verilsə də, ortada mənzil yoxdu. Baxmayaraq ki, yubileydən bir həftə sonra bizə bu barədə sərəncam belə verilib. Elə başa düşürəm ki, Elmar bəy bundan xəbərsizdir. Onun adına göndərdiyimiz məktub, teleqramlar ona gedib çatmayıb”. Bunu Lent. az-a xalq artisti Ələddin Abbasovun qızı Elmira xanım  deyib.

 

 

Bu günlərdə Ə. Abbasovun nəvəsi Samirlə zəngləşib aktyorla görüşdük. O, bizi öz evində yox, qızıgildə qəbul etdi. Əvvəl bizi kinoçu sanıb gülərüzlə qarşıladı. Sonradan jurnalist olduğumuzu biləndə ev söhbəti ortaya çıxdı. Məlum oldu ki, 91 yaşlı sənətkarı ev məsələsi yaman incidib. E. Abbasovanın sözlərinə görə hər dəfə ev söhbəti düşəndə atası bu sözləri təkrarlayır: “ Məmurların xalq artistinə hörməti budur”.

 

Elmira xanım deyir ki, onların icra başçısından narazılıqları yoxdu: “Elmar bəy söz verdi və sözünə də əməl etdi. Sərəncamı da gətirib evə verdilər. Yazılan ünvana - Gülüstan qəsəbəsi mənzil 47b, ev 9-a getdik. Atam həmin ünvanda hətta qeydiyyata da düşdü. Hətta hər ay o evin əmlak vergisini də ödəyir. Evdə uzun müddət yaşayış olmadığından yararsız haldaydı. Təmirdən öncə mənzili onun adına özəlləşdirmək istədik. Aydın oldu ki,  mənzil şəhid ailəsinin olub. Həyat yoldaşı öləndən sonra ukraynalı qadın uşaqlarını da götürüb vətənə dönüb. O qadın da dünyasını dəyişəndən sonra övladları Azərbaycana qayıdıblar. Evin başqa adama verildiyini görüb məhkəməyə müraciət ediblər və məhkəməni qazanıblar.

Bizim narazılığımız məmurlardandır. Ə. Abbasovu nə icra başçısının qəbuluna yazırlar, nə də ona məlumat verirlər.  Elmar bəylə görüşə bilmirik. Elə hey “gözləyin, bu ev mübahisəlidi” deyirlər. Əvvəl dedilər ki, sərəncam etibarsızdı, əsas orderdi. 2009-cu ildən bu məsələ uzanır. Öyrəndik ki, məmurlar icra başçısına bu evin boş olduğunu deyib, yanlış məlumat veriblər. İndi də bizim icra başçısıyla görüşməyimizi əngəlləyirlər. Məktub göndəririk çatmır, teleqram göndəririk çatmır, elektron poçtuna yazırıq bizə cavab gəlmir. Mən elə gəlir ki, çatsaydı o, Ə. Abbasova qarşı laqeyd qalmazdı. Yaşının bu çağında onun qəlbinə dəymək olmaz. Allah eləməsin, son mənzilə niyə öz evindən yox, qızını evindən yola salınmalıdı? ”

 

Bütün söhbət boyu susub dinləyən qocaman xalq artisti sonda bunları dedi: “Adil İsgəndərov da məni dəfələrlə Bakıya dəvət etmişdi. Amma mən Gəncəmi qoyub gedə bilmədim. Mən burda doğulub burda boya başa çatmışam. Burda xalq artisti adını qazanmışam. Anamın, atamın məzarı burdadı. Orda arabanın dördüncü təkəri olmaqdansa, burda qalıb birinci olmuşam”.

 

Söhbətin bu yerində oğlu Oqtay da gəlib çıxdı. Onun dediyinə görə, adı çəkilən  ünvanında yerləşən evi  şəhid ailəsinə prezident verib: “Məhkəmədə evin şəhid ailəsinə qaytarılması barədə qərar çıxarılıb. Amma qərarı görməmişik. Gəncə şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xaqani Əbduləzimov yanına getdim. O, dedi ki, qərarı vermişəm Ludmila xanıma. Getmişəm onun yanına, o da deyir Xaqani bəy mənə heç nə verməyib. İndi o evin açarları bizdə olsa da  faktiki ev atamın deyil. Bizi başçısıyla görüşməyə X. Əbduləzimov mane olur. Bizim yazdığımız məktub, teleqramlar ondadı. E. Vəliyevə çatdırmır.”

 

 

X. Əbduləzimovla əlaqə saxladıq: “Qəbula düşmək üçün qəbul şöbəsində yazılmağın kifayətdir. Məlumat üçün bildirim ki, ərizə, şikayət daxil olanda ilk olaraq  E. Vəliyevə təqdim olunur. O da aidiyyəti  qurumlara ərizənin araşdırılması üçün göstəriş verir. Hər bir müraciətə 15 gün, xüsusi araşdırmaya ehtiyacı olana isə bir ay ərzində baxılır. Verilmiş cavab onları qane etməyə bilər. Amma daxil olmuş bütün məlumatlara baxılır və rəsmi cavab verilir. O evə gəlincə, bu, mübahisəlidi və məhkəmədə baxılır. Əlavə məlumatım yoxdu. O işə  Yerli İqtisad Məhkəməsi baxır” - deyə, hüquq şöbəsinin müdiri bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2118
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar