Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov tələbələrlə görüşlər keçirir. Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hər gün müxtəlif fakültələr üzrə təşkil olunan görüşlərdə rektor, akademik Əhliman Əmiraslanov tələbələrin universitetdəki təhsil səviyyəsi ilə bağlı fikirlərini öyrənib, onların sosial durumu ilə maraqlanır.
Görüşlər stomatologiya, pediatriya, müalicə profilaktika I və müalicə profilaktika II, həmçinin tibbi profilaktika və tibbi biologiya fakültələrində baş tutub.
Müzakirələr zamanı tələbələrin müraciətlərinin əksəriyyəti tədris proqramı - imtahan sualları, dərs cədvəli, müxtəlif fənlər üzrə proqram və s. bağlı olub. Bəzi tələbələr ATU-dakı nizam-intizam məsələlərinə də toxunublar, təkliflərlə çıxış ediblər. Rektor bir çox müraciətlərin araşdırılması ilə bağlı yerindəcə göstəriş verib.
Ə. Əmiraslanov bildirib ki, bu cür geniş tərkibli görüşlər mütəmadi olaraq təşkil olunacaq, tələbələrin rəyi öyrəniləcək, təhsil səviyyəsinin daha da yüksəldilməsi üçün müvafiq tədbirlər görüləcək.