Dövlət Statistika Komitəsi 2013-cü ilin yanvar-may aylarında əhalinin gəlirləri haqqında məlumat yayıb. Lent.az-ın məlumatına görə, bu ilin yanvar-may aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz artaraq, 13 milyard manata çatıb. Onun hər nəfərə düşən həcmi orta hesabla 1403,2 manat və ya ayda 280,6 manat təşkil edib.
Hər nəfərə düşən gəlirlər 5,4 faiz artaraq istehlak qiymətlərinin bahalaşmasını 3,7 faiz üstələyib, bunun nəticəsində əhalinin alıcılıq qabiliyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz yüksəlib.
Bu dövr ərzində gəlirlərin 69,3 faizi son istehlaka, 9,2 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 19,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib. Əhalinin sərəncamında qalan gəlirlər 11,8 milyard manat təşkil edərək, əvvəlki ilin eyni dövrünə nisbətən 6,8 faiz artıb.