Avqustun 14-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) işsiz və işaxtaran vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə Oğuz rayonunda əmək yarmarkasını keçirəcək. Yarmarkada 180-ə yaxın boş (vakant) iş yeri təqdim olunacaq. Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, tədbirlərdə ayrı-ayrı işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi üçün onların qeydiyyatı da aparılacaq. Əmək yarmarkalarında sosial cəhətdən həssas əhali qruplarından olan vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota əsasında boş iş yerlərinin təqdim olunması da nəzərdə tutulur.
Qeyd edək ki, ümumilikdə bu ayın sonunadək DMX tərəfindən Oğuz rayonu ilə yanaşı, Xaçmaz, Hacıqabul, Goranboy, Samux, Kürdəmir, Cəlilabad rayonlarında və Şirvan şəhərində də əmək yarmarkalarının keçirilməsi planlaşdırılır. Həmin şəhər və rayonların məşğulluq orqanları tərəfindən əmək yarmarkalarına hazırlıq işləri çərçivəsində idarə, müəssisə və təşkilatlardan boş (vakant) iş yerləri barədə məlumatlar toplanır.