Ədliyyə Akademiyasında Mətbuat Şurası ilə birgə “Probasiya xidmətinin yaradılması, qarşıda duran vəzifələr” mövzusunda seminar keçirilib.
Lent.az-ın məlumatına görə, seminarda nazirliyinin və Mətbuat Şurasının məsul şəxsləri, vətəndaş cəmiyyətinin nümayəndələri, ASAN könüllüləri, SABAH qrupları və hüquq fakültəsinin tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru vəzifəsi icra edən Elçin Xələfov Ədliyyə Nazirliyinin fəaliyyətinin hər zaman şəffaflıq və aşkarlıq prinsipləri əsasında qurulduğunu, ictimai iştirakçılığa, kütləvi informasiya vasitələri ilə qarşılıqlı fəaliyyətə böyük önəm verdiyini vurğulayıb, onların nazirliyin maarifləndirmə işlərində fəal iştirakının əhəmiyyətini qeyd edib, seminarın məqsədlərindən danışıb.
Daha sonra nazirliyinin İnsan Hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova və Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev çıxış edərək Ədliyyə Nazirliyi ilə media orqanları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ədliyyə fəaliyyəti barədə əhalinin mütəmadi və daha geniş şəkildə məlumatlandırılmasının vacibliyini vurğulayıblar.
Sonra Probasiya xidmətinin rəis müavini Musa Hümbətov cəza siyasətinin humanistləşdirilməsinə dair ölkə Prezidenti İlham Əliyevin 2017-ci 10 fevral tarixli sərəncamı ilə yaradılmış nazirliyin Probasiya xidmətinin fəaliyyəti barədə məlumat verib, qısa müddətdə bu sahədə işin müasir tələblər səviyyəsində səmərəli təşkili ilə bağlı xeyli işlərin görüldüyü, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqini vurğulayıb.
Tədbirdə Probasiya xidmətinin Elektron monitorinq mərkəzinin fasiləsiz fəaliyyəti ilə bağlı video çarx nümayiş olunub, KİV nümayəndələri elektron nəzarət vasitələrinin imkanları və tətbiqi xüsusiyyətləri ilə tanış olublar.
Sonda Probasiya xidmətinin yaranması və inkişafı, bu sahədə əldə olunan nailiyyətlər və xidmətin gələcək perspektivlərinə dair jurnalistlərin sualları cavablandırılıb.