Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, dövlət qurumlarının, turizm sənayesində fəaliyyət göstərən özəl sektorun nümayəndələrinin iştirakı ilə "Ümumdünya turizm günü"nə həsr olunmuş konfrans keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə Ümumdünya Turizm Təşkilatının sədri Tale Rifainin turizm sektorunun nümayəndələrinə müraciəti səsləndirilib.
Müraciətdən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib. O bildirib ki, Azərbaycanda turizmin inkişaf konsepsiyası dünya beynəlxalq təşkilatları tərəfindən qiymətləndirilir və dəstəklənir: “Azərbaycan Turizm sənayesində çalışan insanları, bu sahənin inkişafı üçün fədakarlıqla çalışan şəxsləri təbrik edirəm. Onlar dövlətin turizm siyasətinə kömək etməsəydilər biz bu uğurları qazana bilməzdik. Bu ilin altı ay ərzindəki statistika göstərir ki, turistlərin Azərbaycana səfər statistikası ötən illə müqayisədə 9,4 faiz artıb. 2001-ci ildə isə bu rəqəm 436 min idi. Bu, Azərbaycanda turizmin inkişafının əyani sübutudur”.
Nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyev Ümumdünya Turizm Təşkilatı ilə Azərbaycan arasındakı qarşılıqlı əlaqələrdən danışıb.
Tədbirdə “Azərbaycan prezidentinin 10 illik fəaliyyəti zamanı turizmə göstərdiyi qayğı” mövzusuna həsr olunan “Azerbaijan review” jurnalının təqdimatı da olub.