Bu gün bütün dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur.
APA-nın məlumatına görə, bu gün Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub.
Mahiyyət etibarilə bu gün qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb. Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.
İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.
Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.
1998-ci ildə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür.
1995-ci ildən isə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.
Rəsmi statistikalara görə, ölkədə səhiyyə sahəsində çalışanların 70, təhsil işçilərinin isə 69 faizi qadınlardır.
Azərbaycan Milli Məclisinin 13 qadın üzvü var. Ölkədə bir komitə sədri, Ombudsman, nazir müavinləri, icra hakimiyyəti başçılarının müavinləri, QHT və KİV rəhbərləri olan qadınlar var.
8 Mart-Beynəlxalq Qadınlar günü Azərbaycanda qeyri-iş günü elan olunub.