2013: uğurlu xronika
28 dekabr 2013 13:14 (UTC +04:00)

2013: uğurlu xronika

Artıq 2013-cü ili yola salırıq. Bu il dövlətimizin inkişafı baxımından bir çox hadisələrlə yadda qaldı. Elə ilin başlanğıcında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin açılması Azərbaycanın vətəndaşlara xidmət sahəsində nail olduğu mühüm uğurlardan biri oldu ki, digər dövlətlər artıq bu sahədə əldə olunmuş nailiyyətləri görüb Azərbaycan təcrübəsindən öz ölkələri üçün istifadə etməyə başlamışlar. Daha sonra açılmış bir neçə "ASAN xidmət" mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət etmişdir.

Bu il Fevralın 8-də Azərbaycanın müstəqillik tarixinin ən önəmli hadisələrindən biri yaşanmışdır ki, bu da Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - “Azərspace-1”in uğurla orbitə buraxılması olmuşdur. Azərbaycanda kosmos sənayesinin başlanğıcı olan bu hadisə respublikamızda güclü kosmos sənayesinin qurulması üçün stimul olmuşdur. Prezidentimiz tərəfindən 2013-cü ilin ölkədə “informasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi də bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin təcəssümüdür.

2013-cü ilin ən yadda qalan hadisələrindən biri müstəqil Azərbaycan Respublikasının qurucusu, böyük Azərbaycanlı, dahi şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi oldu. Bu münasibətlə Azərbaycanda və bir neçə başqa ölkələrdə keçirilən tədbirlər bir daha sübut etdi ki, ulu öndər Heydər Əliyevin Azərbaycan uğrunda, xalqı üçün, milləti üçün atdığı addımlar heç vaxt yaddaşlardan silinməyəcək və illər keçsə də daim xatırlanacaqdır.

2013-cü il həmçinin yaddaşlarda seçki ili kimi də qaldı. Məlum olduğu kimi, oktyabr ayının 9-da keçirilən prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqının etimadını qazanaraq 3-cü dəfə prezident seçildi. Bu da bir daha onu göstərdi ki, Prezident İlham Əliyev hakimiyyətdə olduğu müddətdə həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycan dövlətinin inkişafına təkan vermiş və bununla da xalqın dəstəyini qazanmışdır.

Digər bir əlamətdar hadisə Bakı Beynəlxalq Humanitar Forumunun 31 oktyabr – 1 noyabr tarixlərində üçüncü tədbirini keçirilməsi olmuşdur ki, bununla da müxtəlif istiqamətlərdə bir sıra beynəlxalq humanitar tədbirlərə, beynəlxalq konfranslara ev sahibliyi edən Azərbaycan beynəlxalq arenada öz tarixi mədəniyyətinin nə qədər qədim kökə malik olduğunu, qədim sivilizasiya ocaqlarından biri, eləcə də müxtəlif millətlərin, dinlərin nümayəndələrinin birgə yaşadığı tolerantlıq məkanı olduğunu bəyan etmişdir.

Bundan başqa 2013-cü ili Azərbaycanın xarici siyasət sahəsində də mühüm irəliləyişlərin qeyd olunduğu il kimi başa vururuq. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasi strategiya məhz bu il də uğurla öz missiyasını başa vurmaqdadır.

Və nəhayət, ilin ən mühüm nailiyyətlərindən biri Azərbaycanın enerji siyasətində qazandığı uğurdur ki, 17 dekabr 2013 tarixində Bakıda “Şahdəniz-2”  üzrə yekun investisiya qərarı imzalandı və dünyanın ən iri enerji layihələrindən biri olan bu layihəyə qoşulmaq enerji sahəsində Azərbaycanı mühüm söz sahiblərindən birinə çevirdi. Məhz 2013-cü ilin 17 dekabrı tarixə XXI-ci əsrin müqaviləsi olaraq yazıldı.

Beləliklə, bütün bu uğurlara imza atan dövlətimizin 2014-cü ildə də bu uğurların davam etdirilməsini arzu edirik.

Ləman Xəlİlova

 "Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 820
avatar

Oxşar yazılar