“Prezident İlham Əliyevin əmək pensiyalarının baza hissəsinin 17,6 faiz artırılmasına dair sərəncamı təxminən 1 milyon 209 min 135 pensiyaçıya şamil olunacaq”. Lent.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.
O qeyd edib ki, bu artımdan yararlanmayan qulluq stajına görə əmək pensiyasına əlavələr alanlar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu kateqoriyaya aid pensiyaçıların sayı 63 min 431 nəfərdir. “Pensiyanın baza hissəsini 100 faiz alanların, yəni 1 milyon 90 min nəfərin pensiyasının artımı 15 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə daha çox olacaq. Belə ki, pensiyanın baza hissəsini 120 faiz həcmində alan 15 min 580 nəfər üzrə artım 19 manat 50 qəpik, 200 faiz həcmində alan 7763 nəfər I qrup gözdən əlillər üzrə isə 31 manat 50 qəpik təşkil edəcək. Milli qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 30 manat artırılaraq 200 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi 27 manat 75 qəpik artırılaraq 185 manata çatacaq”.
Fond sədrinin sözlərinə görə, Böyük Vətən Müharibəsi iştirakçılarının pensiyasının baza hissəsi 28 manat 50 qəpik, bu sıradan olan I qrup əlillər üzrə 37 manat 50 qəpik, II qrup əlillər üzrə 31 manat 50 qəpik, III qrup əlillər üzrə isə 28 manat 50 qəpik artırılacaq.
”Artım nəzərə alınmaqla hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 128 ABŞ dolları təşkil edir. Bu göstəriciyə görə Azərbaycan MDB-də üçüncü yeri tutur. Qazaxıstanda əmək pensiyasının baza hissəsi 185 ABŞ dollar, Belarusda 129 dollar, Rusiyada 109,3 dollar, Ukraynada 111,8 dollar, Ermənistanda 31,7 dollar təşkil edir.
Əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün ilin sonuna kimi təxminən 73,2 milyon manat əlavə vəsait tələb olunur ki, həmin vəsait Fondun büdcəsində nəzərə alınıb”-deyə, S. Müslümov əlavə edib.