Aprelin 7-də Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq şöbələrinin rəhbərləri ilə Dövlət Xərcləri və Maliyyə Cavabdehliyi (PEFA) proqramı üzrə Dünya Bankının ekspertləri arasında görüş keçirilib. DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, görüşdə DSMF-nın əsas fəaliyyət istiqamətləri, büdcə-proqnozlaşdırma işinin təşkili, büdcəsinin hazırlanması və təsdiq edilməsi prosesi, gəlir və xərclərinin mənbələri və istiqamətləri, Fondun büdcəsinin formalaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən makroiqtisadi, demoqrafik, məşğulluq və sosial vəziyyət göstəriciləri ilə bağlı olan əsas parametrlər, büdcəsinin icrası, habelə sığortaedənlərin uçotu qaydaları, məcburi dövlət sosial sığorta haqlarının toplanması və bu sahəyə nəzarət işinin təşkili və aparılması məsələləri müzakirə olunub.
Bundan əlavə, Dünya Bankının ekspertlərinin aidiyyəti sualları cavablandırılarkən, ölkədə məcburi dövlət sosial sığorta və pensiya təminatı sahəsində son illər aparılmış islahatlar, bunun nəticəsi olaraq yeni qurulmuş sığorta-pensiya sisteminin xüsusiyyətləri, bir müddət əvvəl BMT-nin İnkişaf Proqramı, Dünya Bankı və Avropa Birliyinin pensiya islahatları üzrə həyata keçirdikləri layihələrdə Azərbaycanın sığorta-pensiya sistemini keçid dövrü ölkələri üçün uğurlu model kimi tövsiyə etməsi, pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatının MDB məkanında ilk dəfə olaraq Azərbaycanda aparılması, sığorta olunanlar üçün sosial sığorta şəhadətnamələrinin rəsmiləşdirilməsi prosesinin elektron qaydada həyata keçirilməsi, DSMF tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlər və bu xidmətlərin əhalinin ən çox müraciət etdiyi xidmətlər sırasında yer alması və s. məsələlər barədə məlumat verilib.